Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Sumqayıt Dövlət Rəsm Qalereyasının və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə sərhədçi kursantların asudə vaxtlarının səmərəli təşkili və bədii-estetik zövqlərinin formalaşması məqsədilə “Rəngin poetikası, şeriyyətin rəngi” adlı sərgi-tədbir keçirilib.
Sərgidə sumqayıtlı rəssamlar Ellada Həsənova, Tofiq Əhmədov və Sevil Mahmudovanın əsərləri nümayiş olunub.
Tədbir şair və yazıçıların iştirakı ilə davam edib. Gülnarə Camaləddin, Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Hafiz Ataxanlı, Rauf Ağakişiyev bədii ədəbiyyatın, incəsənətin estetik dəyərlərindən danışıblar, yurd sevgisini, dövlətçilik təfəkkürünü ehtiva edən poeziya nümunələri səsləndiriblər.
DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə Sumqayıtın yaradıcı ziyalarına minnətdarlığını bildirib. Qonaqlara akademiyanın fəxri fərmanı təqdim edilib.