İyunun 10-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Katibliyində İraqın etnik türkmanlarından olan ictimai xadim, maarifçi, yazıçı və şair Əta Tərzibaşının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları arasında AMEA-nın Ədəbiyyat İnstitutunun nümayəndələri də olub.

TÜRKSOY baş katibinin müavini Sayit Yusuf açılış sözündə Əta Tərzibaşının əsərlərinin əhəmiyyətini qeyd edib, əksəriyyəti bu gün Kərkük əyalətində yaşayan İraq türkmanlarının ədəbiyyatının və mədəniyyətinin inkişafına verdiyi töhfəni vurğulayıb.

Qeyd edilib ki, TÜRKSOY-un məqsədlərindən biri bütün türk xalqlarının irsinin təbliğ edilməsindən ibarətdir. “1993-cü ildən başlayaraq təşkilatımız Türk dünyasının ortaq dəyərlərini qoruyub saxlamağa və təbliğ etməyə çalışır. İraq türkmanlarından olan Əta Tərzibaşının yaradıcılığı da belə dəyərlərimizdən biridir. Ölkələrimizin belə tarixi şəxsiyyətləri nə qədər çox olarsa, həmrəyliyimiz də bir o qədər güclü olar”, – deyə S.Yusuf bildirib.

Tədbir çərçivəsində Kərkük Mədəniyyət Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin Əta Tərzibaşının fəaliyyətinə həsr olunmuş kitabı təqdim olunub.

Müəllifin bildirdiyinə görə, Əta Tərzibaşının Azərbaycan mədəniyyətinin ərəb dünyasında təbliğində mühüm xidmətləri var. Hələ 1952-ci ildə o, görkəmli Azərbaycan maarifçisi, Mustafa Kamal Atatürkün yaxın silahdaşı Əhməd Ağaoğlu haqqında məqalə yazıb. Məqalə Misirin “Əl-Risal” nəşrində dərc olunub, 70 ildən sonra isə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilərək “Elm” jurnalında, eləcə də bəzi qəzetlərdə çap olunub.

Ş.Kuzəçi onu da dıqqətə çatdırıb ki, Əta Tərzibaşı dahi şairimiz Füzulinin irsi haqqında 22 məqalənin müəllifidir, onun Nəsiminin yaradıcılığı haqqında nəşrlər toplusu da çapdan çıxıb. Kitabları dünyanın altı ölkəsində, o cümlədən Azərbaycanda dərc olunub. Əta Tərzibaşı 2016-cı ildə vəfat edib, Kərkükdə dəfn olunub.