F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə iyunun 11-də Dünya Azərbaycanlıları Konqresinin üzvü, hazırda Macarıstanda yaşayan azərbaycanlı uşaq yazarı Almaz Cəlilovanın (Almaz Xatun) “Dəcəllər” adlı şeirlər kitabının təqdimatı keçirilib. Təqdimatda 151 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova kitab haqqında məlumat verib.

Qeyd edib ki, Almaz Xatunun “Dəcəllər” kitabında uşaqların maraq dünyası, həyat tərzi, onların böyüklərə, təhsilə, təbiətə olan məhəbbəti əksini tapıb. Kitabın qəhrəmanları bərbəzək sevən Süsən, nazlı Fizzə və öyrənmək həvəsli Ələkbər özünəməxsus xasiyyəti ilə uşaqlarda maraq oyadacaq. Şeirlərin məzmununa uyğun şəkillərin verilməsi kitabı daha oxunaqlı, cəlbedici edir.

Məktəblilərə kitabın nüsxələri hədiyyə edilib. Onlar kitabxana ilə də tanış olublar.