Azərbaycan poeziyasının klassik ənənələrini sevərək yaşadan ədiblərimizdən biri də tanınmış şair, yazıçı, Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan olub. Görkəmli ədib dolğun yaradıcılıq fəaliyyəti ilə poeziyamıza gözəllik bəxş edib. Yaradıcılığının əsas istiqamətləri isə milli-mədəni dəyərlərə bağlılıq və istiqlal ideyalarının tərənnümü olub.
Bu il şairin anadan olmasının 85 illiyidir.
Rəfiq Zəka Xəndan (Rəfiq Hacıyev) 16 iyun 1939-cu ildə Bakıda, görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərib. Onu şeirə, sənətə ilhamlandıran isə M.Ə.Sabir, H.Cavid, M.Müşfiq, M.Hadi və türk şairi Əbdülhəq Hamidin yaradıcılığı olur.
1962-ci ildə M.Müşfiqə həsr olunan “Çağlayan” adlı ilk şeirlər kitabı işıq üzü görür. Müşfiq sağ ikən bu adda bir kitab çap etdirmək istəyib. Rəfiq Zəka da nakam şairin arzusunu bu adla əbədiləşdirib. Müşfiqə həsr etdiyi bir şeirində yazır:
Səni ömrüm boyu gərək səsləyim,
Məhəbbət bəsləyim, könül bəsləyim,
İlhamım sənindir, şeirim sənindir
Sənsən ülviliyim, müqəddəsliyim.
Onun şeirlərində maraqlı ritm var, həzin, kövrək bir duyğu çağlayır. Soy-kökə, türkçülüyə böyük məhəbbətlə tərənnüm olunur. Şair M.Hadinin “Əlvahi-intibah” (“İntibah lövhələri”) əsərinə eyniadlı şeir həsr edib:
Vətənpərvər, hünərpərvər, zəfərpərvər vətəndaşdın,
Azərbaycana aşiqdin əsil övlad şəklində.
Şəhid şairləri bir-bir gətirdim xatirə, baxdım,
Zavallı görmədim, əfsus Məhəmməd Hadi şəklində...
Rəfiq Zəka Xəndanın şeirlərinin məziyyəti, cazibədarlığı həm də onların musiqi, mahnı çalarındadır. Təsadüfi deyil ki, Rəfiq Zəkanın bir çox şeirlərinə mahnı bəstələnib. Xalq şairi Hüseyn Arif onun haqqında demişdi: “Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolaşır”.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: “Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlislik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil”.
Məhz buna görə şairin adı Türk dünyasında dolaşıb, əsərləri sevilib. Ötən əsrin 80-ci illərində hələ sovet quruluşunun çətinlik və qorxuları var ikən şairin türkçülüyü bir cəsarət nümunəsi idi.
Neçə şeirimdə görüb türk sözünü,
Vay dədə, vay deyə yumdun gözünü.
Yerə soxdun öz əlinlə özünü,
Öz-özündən niyə ürkürsən sən,
Türk sözündən niyə ürkürsən sən?!
Rəfiq Zəka yaradıcılığında “ türk” sözü milli-mədəni dəyərə söykənərək türklük məfkurəsinin zəngin tarixini göstərir:
Düşmənlərimiz bizlərə türk söyləmiş ancaq,
Türkəm deməyən yurddaşımız düşmənimizdir!
Düşməz yerə türkün göyə yüksəltdiyi sancaq,
Türkün göyə yüksəltdiyi sancaq şanımızdır!
Müstəqilik dövründə şair dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi-ədəbi tədbirlərə qatılıb. Çıxışları maraqla qarşılanıb. O, həmçinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçılar haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub.
Ədəbiyyatşünas kimi də tanınan Rəfiq Zəkanın 1962-ci ildə çap olunan “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası görkəmli satira ustadının bədii irsinin öyrənilməsinə dəyərli töhfədir. O, pedaqoji sahədə də fəaliyyət göstərib, Mədəniyyət və İncəsənət Universitetində estetikadan dərs deyib.
Araşdırmalarda şairin iti hafizəsindən də bəhs edilir. Qeyd edilir ki, o, Azərbaycan poeziyasının ən dəyərli nümunələri ilə yanaşı, türk şairi Əbdülhəqq Hamidin 5 min misralıq “Məqbər” poemasını əzbər bilib. Tərcümə sahəsində də qələmini sınayıb.
Bəstəkarlar şairin 300-dən çox şeirinə müraciət edib. Sözlərinə bəstələnən “Ana Kür”, “Səadət”, “Qarabağım” mahnıları bu gün də müğənnilərin repertuarını bəzəyir.
Azərbaycan ədəbiyyatına sonsuz sevgisi ilə tanınan Rəfiq Zəka Xəndan 7 yanvar 1999-cu ildə vəfat edib.
Savalan Fərəcov