Avropa Parlamentinə (AP) iyunun 9-da keçirilən seçkilərin nəticələri “Yaşıllar”ın – ətraf mühitin qorunması və iqlim dəyişikliyi problemlərini daha çox önə çəkən partiyaların mövqelərinin zəiflədiyini göstərir.
Seçkiilərdə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin də təmsil olunduğu Avropa Xalq Partiyası birinci olub. Partiya 720 yerdən 189-unu alacaq və bununla da AP-nin hazırkı tərkibi ilə müqayisədə mövqeyini yaxşılaşdıracaq.
İkinci yerdə sosialistlər fraksiyası (135 mandat), üçüncü yerdə liberallar (80 mandat) qərar tutub.
Mötədil sağçılar qrupu 72 mandatla dördüncü yerdədir. Fransanın “Milli Birlik” partiyasının da daxil olduğu “Şəxsiyyət və Demokratiya” fraksiyası – radikal sağçılar isə 58 mandatla beşincidir.
“Yaşıllar” AP-də cəmi 52 mandatla təmsil olunacaq. 98 deputat isə heç bir fraksiyanı təmsil etməyəcək. Fraksiyasız deputatlar arasında “Almaniya üçün Alternativ” millətçi partiyasının təmsilçiləri də var.
Xatırladaq ki, Avropa İttifaqının ali məşvərət orqanı olan Avropa Parlamentinə seçkilər 27 ölkədə keçirilib.
“Yaşıllar”ın Avropada geriləməsinin bir səbəbi kimi onların qeyri-populyar ideyaları göstərilir. Məsələn, 2035-ci ildən Aİ ölkələrində daxili yanma mühərrikli (benzin və dizellə işləyən) avtomobillərin qadağan olunması bunlardan biridir. “Yaşıl” partiyaların dəstəklədiyi bu təşəbbüs Avropanın ən böyük avtomobil istehsalçısı olan Almaniyada həm sənayeçilər, həm də ümumilikdə əhali arasında etiraz doğurur. Təxminlərə görə, AP-yə seçkilərdə “Yaşıllar”ın alman seçicilər arasında xüsusilə zəif nəticə göstərməsində bu amilin də rolu olub.