Azərbaycan
15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 – 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
15 iyun 1920 – Xalq Maarif Komissarlığının tərkibində Muzey-ekskursiya yarımşöbəsi və onun nəzdində “Doğma diyarın tədris muzeyi” yaradılıb. Muzeyin bazasını 1919-cu ildə yaradılmış “İstiqlal” muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin oktyabrında muzey Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi) adlandırıldı.
15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984–1992) olub.
15 iyun 1933 – Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933–1998) Masallı rayonunun Qodman kəndində anadan olub.
15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934–2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.
15 iyun 1945 – Xalq artisti Amaliya Əliş qızı Pənahova (1945 – 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000–2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
16 iyun 1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927–1929), Bakı Teatr Texnikumuna (1929–1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.
16 iyun 1939 – Şair, yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.
17 iyun 1926 – Xalq rəssamı Elbəy Həsən oğlu Rzaquliyev (1926 – 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
17 iyun 2020 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov (1.5.1941 – 2020) vəfat edib. 20-dən çox filmin (“Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s.) quruluşçu rəssamı olub.
18 iyun 1917 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.
18 iyun 2002 – Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
18 iyun 2010 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (25.2.1929 – 2010) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.
Dünya
15 iyun 1843 – Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843–1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.
15 iyun 1946 – Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.
16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313–1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.
16 iyun 1754 – Başqırd şairi Salavat Yulayev (1754–1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşı kimi tarixə düşüb.
16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937–2010) anadan olub.
17 iyun 1818 – Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod; 1818–1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
17 iyun 1882 – Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882–1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu” baletlərinin, “Bülbül” operasının müəllifidir.
18 iyun 1936 – Rus-sovet yazıçısı Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 – 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (romanlar); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyeslər) və s.
18 iyun 1935 – SSRİ Xalq artisti, məşhur aktyor Yuri Solomin (1935 – 11.1.2024) anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s. Otuz ildən artıq Dövlət Akademik Malı Teatrın bədii rəhbəri olub.
Hazırladı: V.Orxan