Bölgələrdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər keçirilir.

Quba-Xaçmaz RMİ və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqillikdən qurtuluşa” mövzusunda dəyirmi masa keçirilib. Çıxış edənlər bildiriblər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixində Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma və müstəqilliyini itirməsi təhlükəsindən qurtarıb. Müstəqil Azərbaycan dövləti var olduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “Milli qurtuluşun açdığı yolla böyük gələcəyə” adlı tədbir keçirilib. Bədii hissədə şeirlər səsləndirilib, musiqilər ifa edilib. Xaçmaz rayon Peşə Liseyi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olub.

***

Qax rayon Heydər Əliyev Mərkəzində “Qurtuluş Günü – əbədi müstəqilliyimizin dönüş nöqtəsi” adlı ədəbi-bədii gecə təşkil edilib. Tarixi  günün mahiyyətindən bəhs edən sənədli film nümayiş olunub. Rəqs, mahnı və şeir nümunələri təqdim edilib.

***

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Böyük xilaskar – Heydər Əliyev” adlı tədbir keçirilib. Mövzu ətrafında çıxışlardan sonra “Qurtuluşdan inkişafa” adlı qısametrajlı film nümayiş olunub.

***

Lənkəran şəhər Mərkəzi Kitabxanası “Tarixi qayıdış” adlı tədbir təşkil edib. Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib.

Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “15 İyun – Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu” mövzusunda film nümayiş olunub.

Milli Qurtuluş Günü münasibətilə Lerik şəhər Malik Bağışov adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin rayonun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

N.Məmmədli