İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirildi. Tədbir Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və BMM-in dəstəyi ilə gerçəkləşdi.

MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov tədbiri açaraq musiqinin insanların bədii zövqünün formalaşdırılmasında, estetik tərbiyəsində rolunu vurğuladı. Elmi seminarın bu xüsusda insanların maarifləndirilməsi üçün önəmi qeyd edildi.

Mərkəzin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə keçən seminarda tibb elmləri doktoru, oftalmoloq Paşa Qəlbinur “Terapiyada musiqinin rolu”, Təhsil İnstitutu Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin aparıcı elmi işçisi, psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas Bahar Bəylərova-Ələkbərova “Musiqinin tərbiyədə və təhsildə rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova “Musiqinin uşaq psixologiyasına təsir vasitələri” mövzularında məruzələrlə çıxış etdilər.

Seminarda həmçinin Türkiyənin neyroelm mütəxəssisi, professor Sinan Cananın “Musiqi və beyin” mövzusunda çıxışı videoformatda dinlənildi.

Çıxışlardan sonra mövzularla əlaqədar müzakirələr aparıldı, mütəxəssislər iştirakçıların suallarını cavablandırdılar.

BMM-in Cahangir Cahangirov adına Xoru (bədii rəhbər və dirijor Əməkdar müəllim Təranə Yusifova), beynəlxalq müsabiqələr laureatı, pianoçu Jalə İslamova və tarzən Elşən Tahirov musiqi nömrələri ilə çıxış etdilər.

Lalə Azəri