Azərbaycan Turizm Bürosu “Ahlan Arabia” adlı silsilə tədbirlərdə iştirak edir. Dövlət Turizm Agentliyindən bildirilib ki, “Dnata” şirkətinin təşkil etdiyi silsilə tədbirlər Küveyt (Küveyt Dövləti), Doha (Qətər) və Dubay (BƏƏ) şəhərlərində keçirilir.
Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub. Görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub.
Bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib.
İyunun 11-də başlayan “Ahlan Arabia” adlı silsilə tədbirlər iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 mindən çox qonaq gəlib. Bu, ötən illə müqayisədə 39 faiz çoxdur.