Qazaxıstanda “Canım Qazaxıstan” adlı bədii filmin çəkilişlərinə başlanılıb. Filmin quruluşçu rejissoru Damir Tastembekovdur. Film komik situasiyaları olan melodram janrındadır.

Azərbaycan tamaşaçısı üçün önəmli olan isə filmdə sevimli aktrisamız, Əməkdar artisti Sənubər İsgəndərlinin və Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Aydan Həsənovanın rol almasıdır.

Filmin çəkilişləri Qazaxıstanda və Türkiyənin Alanya şəhərində aparılır. Sənubər İsgəndərli filmdə türk iş adamı, biznesvumən Zeynəb xanım rolunda çəkilir. Aydan Həsənova isə onun qızı kimi ekranda görünəcək.

Sənubər xanımla telefonla əlaqə saxlayanda o öz obrazı barədə bunu dedi:

– Film müasir həyatdan götürülüb. Zeynəb xanım iş adamıdır, çox iradəli, əzmkar bir qadındır. Qızı da onun şirkətində çalışır. Mənim qəhrəmanım qızına qarşı çox sərt davranır. Lakin filmin sonunda anlayır ki, onun qızına rəhbər yox, ana lazımmış. Bu filmdə sevgi də var, gülüş də, göz yaşı da. Hələ ki, çəkilişlər gedir.

Aydan Həsənova da “Canım Qazaxıstan” filmində canlandırdığı obraz barədə fikirlərini bizimlə bölüşdü:

– Mən filmdə Asiyə rolunda çəkilirəm, o, filmin baş qəhrəmanıdır. Varlı ailənin qızıdır, anası ilə birlikdə çalışsa da, mənəvi baxımdan aralarında məsafə böyükdür. Filmin sonunda bu problem həllini tapır.

Gülcahan Mirməmməd