Yerlərdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbi Milli Qurtuluş Gününə həsr edilmiş hesabat konserti keçirib.

Konsert zamanı müxtəlif musiqilər, şeirlər və rəqslər ifa edilib.

***

Biləsuvar Rayon İcra Hakimiyyəti, YAP Biləsuvar rayon təşkilatı və Şirvan-Salyan RMİ-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şanlı tariximizi əks etdirən videomaterial nümayiş etdirilib.

Çıxış edən natiqlər Milli Qurtuluş Gününün 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müstəqillik yolunda bu tarixin əhəmiyyətindən söz açıblar.

Sonra Şirvan-Salyan RMİ-yə tabe müəssisələrin ifasında geniş konsert proqramı təqdim olunub.

***

Qusar rayon Heydər Əliyev Mərkəzində YAP Qusar rayon təşkilatı ilə birgə "Qurtuluşdan Böyük Qayıdışa" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edənlər 15 iyun 1993-cü il Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu, Ulu öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəfərlərinin, bugünkü və gələcək inkişafının, uğurlarının əsasını təşkil etdiyini vurğulayıblar.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

***

Şəki Şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala RMİ və YAP Şəki şəhər təşkilatının birgə iştirakı ilə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ölkəmizin milli qurtuluş tarixindən bəhs edilib, bu mövzuda videoçarx nümayiş etdirilib.

***

Cəbrayıl rayon Hacılı kənd klubunun təşkilatçılığı ilə "Azərbaycan xalqının xilaskarı" başlığı altında tədbir keçirilib.

Şagirdlərin ifasında şeirlər səsləndirilib, bir-birindən rəngarəng milli və hind rəqsləri və müxtəlif kompozisiyalar təqdim edilib.

***

Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarından danışılıb, ölkəmizə və xalqımıza milli qurtuluş bəxş etdiyi qeyd edilib.

Sonda Azərbaycana, Ulu öndərə, dövlətçiliyə həsr olunmuş şeirlər, musiqi nömrələri ifa edilib, rəsm və kitab sərgilərinə baxış olub.

***

Əlamətdar gün münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Qazax-Tovuz RMİ-nin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. Mərkəzin böyük akt zalında təşkil olunan tədbirdən əvvəl Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himnimiz səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra böyük ekranda “Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev” mövzusunda videoreportaj nümayiş etdirilib. Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. 1993-cü il iyunun 15-də Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyulub. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin Milli Qurtuluş Gününə həsr etdikləri geniş konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qazax rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin birgə iştirakı və təşkilatçılığı ilə "Qurtuluşun mübarək, Azərbaycanım!" adlı konsert proqramı keçirilib. Əvvəlcə qonaqlar Qazax rayon Mərkəzi Kitabxananın təşkil etdiyi kitab və Qazax Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgilərinə baxıblar. Tədbirdə Ulu öndərin hakimiyyətə qayıtmasından, Azərbaycanın keçdiyi inkişaf yolundan, Zəfər tariximizdən bəhs edilib. Qazax şəhər 1 və 2  nömrəli Uşaq musiqi məktəblərinin, Ağstafa şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri, rayon Mədəniyyət Mərkəzinin "Buta" rəqs qrupunun təqdimatında rəqs kompozisiyası, şairlərin səsləndirdiyi şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir” mövzusunda elmi seminar təşkil edilib. Seminarda “Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Yaxın və Orta Şərq diplomatiyası”, “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə cənub bölgəsinin inkişafı”, “Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyevin rolu”, “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür”, “15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən Zəfər tarixidir” mövzularında məruzələr dinlənilib.

Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycan xalqının Milli Qurtuluş Günü” adlı tədbir keçirilib. Çıxışlarda əlamətdar günün tarixindən söz açılıb.

Hazırladı: N.Məmmədli