Azərbaycan

 

19 iyun 1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

19 iyun 1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933–1986) anadan olub.

19 iyun 1968 – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (1968 – 22.3.2023) İrəvan şəhərində anadan olub.

19 iyun 1978 – Əməkdar artist İbrahim Məcnun oğlu Qaradağlı (1907–1978) vəfat edib. Ağdaş teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

 

20 iyun 1898 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 – 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 iyun 1914 – Əməkdar mədəniyyət işçisi, aşıq Əmrah Paşa oğlu Gülməmmədov (1914–1987) Marneuli rayonunun Araplı kəndində doğulub.

20 iyun 1915 – Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 – 10.12.1998) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Bizim Cəbiş müəllim”, “Bəxtiyar”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.

20 iyun 1921 – Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 – 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları, mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

20 iyun 1921 – Əməkdar artist, tanınmış tarzən, pedaqoq  Firidun Yusif oğlu Ələkbərov (1921 – 9.11.2021) Gəncədə anadan olub.

20 iyun 1922 – Tanınmış aktyor, rejissor Salman Yusif oğlu Dadaşov (1922 – 20.9.1986) anadan olub. Filmlərdə (“Onun böyük ürəyi”) çəkilib, Sumqayıt teatrının direktoru olub.

20 iyun 1924 – Biblioqraf, ədəbiyyatşünas, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Nazim Fərrux oğlu Axundov (1924–1994) Şuşa şəhərində anadan olub.

20 iyun 1936 – Tanınmış uşaq yazarı, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda; 1936 – 12.2.2024) Oğuz rayonunda doğulub. Dağ yəhudisidir, əsərlərini Azərbaycan dilində yazıb. Almaniyada vəfat edib.

 

21 iyun 1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794–1847) Bakının Əmircan kəndində anadan olub. 1819–1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

21 iyun 1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub.

21 iyun 1953 – Əməkdar incəsənət xadimi, sənətşünas, professor Leyla Camal qızı Axundzadə (1953 – 10.2.2010) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Mədəniyyət və Turizm Nazirliyində Təsviri və dekorativ sənət sektorunun müdiri işləyib.

21 iyun 2022 – Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Aida Nemət qızı Hüseynova (1964–2022) vəfat edib.

 

22 iyun 1802 – Şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802 – 27.11.1870) anadan olub. Peterburq Universitetini bitirib, 1853-cü ildə universitetdə açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

22 iyun 1897 – Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 – 26.9.1961) Şuşada doğulub. Milan Konservatoriyasını bitirib. Xalq mahnıları və romansların, operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

22 iyun 1916 – Əməkdar artist, vokalçı Sona Əyyub qızı Mustafayeva (Bağırova; 1916–1999) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

22 iyun 1922 – Kinorejissor Rüfət İsmayıl oğlu Şabanov (1922–1998) Bakıda doğulub. “Gəmi saatının sirri”, “Liftçi qız” və s. filmləri çəkib,  “Azərbaycantelefilm”in baş rejissoru olub.

22 iyun 1923 – Əməkdar artist Rəhilə Məmməd qızı Məlikova (Mustafayeva; 1923 – 11.12.1996) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub, “Arşın mal alan” (1945) filmində Asya rolunu oynayıb.

22 iyun 1924 – Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 – 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində” və s.

22 iyun 1942 – Bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942–1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. “Xatırla məni”, “Deyin, hardadır?”, “Səni qəmli görəndə” və s. populyar mahnıların müəllifidir.

22 iyun 1947 – Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 – 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Rus ədəbiyyatından tərcümələr edib. 

22 iyun 1955 – Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 1955 – 20.12.2020) Şabran rayonunun Təkyə kəndində anadan olub.

22 iyun 1994 – Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 21.10.1932 – 1994) vəfat edib.

 

23 iyun 1913 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 9.7.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (A.Çexov – “Albalı bağı”, E.Voyniç – “Ovod”, A.Puşkin, M.Lermontov və b. şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.

23 iyun 1923 – Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. 

23 iyun 1925 – Xalq artisti, ilk azərbaycanlı qadın – teatr rejissoru Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925–2018) anadan olub. 30 ilə yaxın Dövlət Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Televiziya tamaşalarına quruluş verib.

 

Dünya

 

19 iyun 1924 – Belarus yazıçısı Vasil Bıkov (1924–2003) anadan olub. Əsərləri: “Ölülər ağrı hiss etmir”, “Sübhədək yaşamalı” və s. Əsərləri əsasında filmlər çəkilib.

 

20 iyun 1819 – Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach; 1819–1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.

20 iyun 1932 – Rus şairi Robert Rojdestvenski (1932–1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub” (poemalar) və s.

 

21 iyun 1905 – Fransız yazıçı-dramaturqu, filosof, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1964) Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905–1980) anadan olub. Əsərləri: “Azadlıq yolları”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.

21 iyun 1910 – Rus şairi Aleksandr Tvardovski (1910–1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin” və s. poemaların müəllifidir.

 

22 iyun 1898 – Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque – Erich Paul Remark; 1898-1970) anadan olub. Romanları: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Zəfər tağı” və s.

22 iyun 1906 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Billi Uaylder (Billy Wilder; 1906-2002) anadan olub.

 

23 iyun 1824 – Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke; 1824–1910) anadan olub.

23 iyun 1889 – Rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 – 5.3.1966) anadan olub.

23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901–1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

Hazırladı: V.Orxan