“Bu, ilk müharibə deyil, bundan qabaq da neçə müharibə olub. Son müharibə başa çatan gün bir tərəfdə məğlublar, bir tərəfdə qaliblər vardı. Məğlubların yanındakı xalq da acından ölürdü, qaliblərin yanındakı xalq da…” – Bertold Brext.

Əlbəttə, müharibəyə uzaqdan baxmaq müşkül məsələdir. Bəşəriyyət heç vaxt belə bir səadətə nail olmayıb. Hər daşın altından bir döyüş tarixçəsinin çıxdığı dünyamızda buna ancaq teatr zalında nail olmağın mümkünlüyünü Şəki  Dövlət Dram Teatrının səhnəsində “Kuraj ana və övladları” tamaşasına baxarkən daha dərindən hiss etdim.

Amma bu sadəcə olaraq, bir təsəllidir…

Əsərin müəllifi Bertold Brext məhz belə amalla yazıb-yaradır və mübarizə aparırdı: ərsəyə gətirdiyi saysız-hesabsız tamaşaların nümayişindən sonra tamaşaçının hiss və düşüncələrini, təəssüf və həyəcanını, göz yaşı və qəzəbini elə həmin zaldaca qoyub getməsi ilə qətiyyən barışmırdı. Onun fikrincə, teatr bu deyildi, tamaşaçı zalı bəlkə də qəribə bir daxili səssizliklə tərk etsə belə, şahidi olduğu hadisələrin, ötürülən mesajların və səsləndirilən açıq və ya çoxqatlı  çağırışların təsirini sonrakı gündəlik həyatında daima beynində dolandırmalı, götür-qoy etməli, düşünməli, narahat olmalı və bir fikrə gəlməlidir. Bertold Brexti boş yerə “epik teatrın banisi” adlandırmırlar…

Şübhəsiz, tamaşa, səhnə, rejissor və aktyorluq bacarığı buna nail olubsa…

***

Hər dəfə Şəkidə olanda ilk ziyarətinə getdiyim insanlar teatrdakı dostlar olurlar.  Birincisi, qısa müddət (iki il) bu kollektivin üzvü olmuşam, ikincisi, burada hiss etdiyim yaradıcı ab-havanı heç yerdə hiss etməmişəm, üçüncüsü, həmişə can atdığım, bezmədiyim, qaçmağa tələsmədiyim yerdir. Bir dəfə bu teatrla bağlı bir yazımda qapının dəstəyinə toxunmuşdum. Teatrda işləyənlər üçün nəzərdə tutulmuş qapının dəstəyinə. Onu hər dəfə eyni həyəcanla açdığımı ifadə etmişdim, çünki o qapıdan içəri girər-girməz birbaşa başqa dünyaya daxil olursan. Dəstək bir qədər laxlamışdı, gərək, qapını açmağın yolunu biləydin. Mən isə bunu bir qədər romantikləşdirmişdim. Həmin yazımdan sonra teatrın ovaxtkı direktoru Namiq Qaffarov romantikamı ciddi qəbul edib dəstəyi dərhal düzəltdirmişdi. Dəhlizdə salamlaşıb bunu zarafatla diqqətimə çatdıranda gülümsəmişdim…

Həmin qapıdan axırıncı dəfə eyni həyəcan və əminliklə keçən payız keçib dostlarla görüşmüş, xeyli söhbət etmiş, sonra da “Ezop” tamaşasına baxmışdım. Həmin vaxt Şəkidə peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunacaq “Kuraj ana və övladları” tamaşasının məşqləri başlanmışdı. Tamaşaya quruluş verən teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimliylə bu barədə danışanda öz-özümə söz vermişdim ki, harda olsam, mütləq gəlib baxacağam. Lalə xanımdan (ədəbi-dram hissə rəhbəri) tez-tez xəbər alırdım, may ayının əvvəli ilk baxış olacağını öyrənəndə: “Həmin gün çatmasam da sonrakı ilk tamaşada orada olacağam”, – demişdim.

***

Qəribədir ki, insan bəzən əbədiyaşarlığı üçün məhz nifrətlə yanaşıb mübarizə apardığı çirkinliklərə borclu qalır…

Bertol Brext, necə deyərlər, özünü dərk edəndən müharibə əleyhdarı kimi çıxış etməyə başlamışdı. Onun həyat qayəsini sosial ədalətsizliyə və müharibəyə qarşı çıxış adlandırmaq mümkündür. Bu həmçinin həyatının ən böyük başağrısı idi. Yazdığı saysız-hesabsız şeirlərə, ssenarilərə, səhnə əsərlərinə, məqalələrinə, tamaşalarına və filmlərinə görə ömrü-günü məşəqqətlər içində keçirdi. Təhsilini yarımçıq qoymalı, ölkəsini tərk etməli, uzun illər qorxu və təzyiq altında yaşamalı, müxtəlif yerləri dolaşmalı olmuşdu. Keçdiyi yolu sürgün adlandırmaq mümkündür. 1933-cü ildə Almaniyanı tərk etməyindən iki il sonra vətəndaşlıqdan çıxarılmış və kitabları küçəyə tökülüb yandırılmışdı. Sığındığı “azadlıq ölkəsi” Amerikada yazdığı mətnlər və fikirlərinə görə ifadəyə çağırıldıqdan bircə gün sonra yenidən Avropaya qaça bilmiş, müxtəlif ölkələrdə yaşamış, bölünmüş vətəninə, o da Sovetlərin əlində qalan Şərqi Almaniyaya, bir də 1948-ci ildə qayıtmış, burada da xeyli işlər görmüş və səkkiz il sonra da vəfat etmişdi. Taleyin ironiyasına baxın ki, bu ölümdən əvvəl vaxt tapıb onu “Stalin sülh mükafatı” ilə cəzalandırmışdılar və bu yazıçıya qarşı bu gün də səngimək bilməyən hücumların əsasını təşkil edir…

Bertold Brext faşizmlə mübarizəyə qalxmışdı. Kimisə göylərə qaldırıb, kimisə vəhşiləşdirmək fikrindən tamamilə uzaq idi. Onun üçün müharibənin bir üzü vardı: İblisanə əxlaqsız üzü. O bu üzün bəzək-düzək verilib gözəlləşdirilməsinin də əleyhinə idi, haqlı-haqsız davasında kimisə qəhrəmanlaşdırılmasının da. Məhz buna görədir ki, vətənində yandırılan və sonradan yazılıb çap olunmuş əsərləri dünyanın qırxdan çox dilinə tərcümə olunaraq hələ də ümumilikdə bəşəriyyəti, insanlığı hədələyən qorxunc oyunlarla mübarizədə öz layiqli yerini qoruyub saxlamaqdadır.

***

Yarıqaranlıq səhnə. Orduya əsgər yığan iki nəfər: Rekrutçu, feldfebel. Bir qədər sonra öz ticarət furqonuyla daxil olacaq Kuraj ana və övladları: iki oğlan və bir qız. Gedən danışıqlar, deyilən sözlər, tonu yüksəlib alçalan səslər; ab-hava, geyimlər, dekorasiya – müəllif bizi hər nə qədər müharibələr tarixinin bir mərhələsinə, 1624-cü ilə, Otuzillik müharibənin (1618–1648) düz ortasına aparsa da, ilk ştrixlərdəncə müharibəyə uzaqdan ümumi planda baxmaqla bağlı xəbərdarlıq gecikmir. Bu xəbərdarlığı almaqda isə tamaşaçı individual haqqa sahibdir.

Foyedə söhbətləşəndə Rəşadət müəllim (quruluş hissə müdiri) mənə tamaşaya bir az arxa sıralardan baxmağı məsləhət görmüşdü.

Qəribədir, zalda ayrılmış yerdə əyləşməyə gecikdim, oğlumu gözləyirdim. İşıqlar sönəndən sonra digər tamaşaçıların qarşısından yerimə keçməyi doğru hesab etmədim, elə girişə yaxın əyləşdik. Səhnəni nə yaxşı ki, sözün əsl mənasında, uzaqdan izləməli oldum. 

Sonra günlərlə beynimdə ancaq bu fikri dolandırdım: müharibəni uzaqdan izləmək, müharibəni uzaqdan izləmək…

Brextin taleyində müharibəni uzaqdan izləmək deyilən heç nəyə yer yoxdur, amma eyni zamanda məqsədi bizə mənzərəni uzaqdan, bütün xırdalıqları, gizlinləri, bütün pərdəarxası hiylələri ilə aydın göstərməkdir. Bəlkə buna görədir ki, nə uduzan haqqında danışır, nə udan. Nə qələbə qazanılır, nə məğlubiyyət baş verir. Necə deyərlər, müharibə “Dünyanın ən kəskin rəngini – qanı / Bahalı tabloya çevirməkdədir / Kətan – masalara sərilməkdədir / Sümüklər – əla növ çərçivələrdir...”.

Tamaşaya baxa-baxa fikirləşirdim ki, hər şey necə yerli-yerində “çərçivələnib”, tamaşaçının qarşısına çıxarılan “tablo” dünyanın ən kəskin rəngini, hətta onun qoxusunu, onun dadını – qanı necə amansız kəskinliklə üstümüzə sıçradır, bizi diksindirir, o anda hisslərimizi soyuqqanlı məcraya yönəldib (Brextin vacib hesab etdiyi kimi), sonra ruhumuzu narahat edəcək şəkildə üz-üzə qoyur. Lalə Məmmədin Kuraj anası, Xanlar Həşimzadənin keşişi, Xəyal Salahovun hərbi rəisi, Rəhim Qocayevin aşpazı, Pərviz İsmayılovun feldfebet-protestantı, Nərmin Abbasovanın İvettası… – səhnədə dəfələrlə və ya bir neçə dəqiqəlik görünüb itən qısa rolların ifaçıları da daxil olmaqla sanki yumruğunu qaldırıb dünyanı xəbərdar edir: budur, müharibənin üzü və astarı; budur, müharibənin məqsədi və nəticəsi; budur, müharibənin amansızlığı və nifrəti bütün çılpaqlığı ilə gözlərini sizə, insanlara zilləyib bağırır, siz isə elə bilirsiniz, hər şeyə ancaq uzaqdan tamaşa edirsiniz. Bir fikirləşin, neçənizin qəlbində müharibə yarası var? Neçənizin ruhu müharibə izləri daşıyır? Fikirləşin: sizlərdən kiməsə nəsillərdən bəri müharibəsiz bir ömür yaşamaq müyəssər olubmu? 

Niyə? Nəyin xətrinə?

Bizlərin taleyi Kuraj ana və övladlarının taleyindən nə qədər uzaq ola, nə qədər fərqlənə bilər axı?

Niyə döyüşürük, nəyin xətrinə döyüşürük?

Arabir elə tamaşanı izləyə-izləyə dünyanın ən amansız və yanıqlı iki sualı qarşısında başımızı aşağı salırıq və bir anda səhnəyə iki tərəfdən skelet maskalı iki ifaçı çıxır:

Baxma ki, bu adamlar elə hey deyinəcək,
Bu dava bundan belə yüz il davam edəcək…

Yüz il? Min il? On min il?...

***

Quruluşçu rejissor əsəri olduğu kimi səhnələşdirmək fikrini rədd edərək, əslində, ideyanı (bunu müəllifin barışmaz ideyası kimi də qəbul edə bilərsiniz, rejissorun tamaşasının nümunəsində dünyanı öz-özü ilə üzləşdirmək ideyası kimi də) canlandırmaq məqsədi qoyub və deyərdim ki, buna tamamilə nail olub. Eyni aktyorları, əsərin dəyişməz səhnələrində eyni adlar altında müxtəlif müharibələrin döyüş meydanlarında təqdim etməklə sənətin missiyasını ön plana çıxardıb. Yəqin, son səhnədə tamaşaçıları XXI əsrin ümumiləşdirilmiş hərbi formalı əsgərləri ilə qarşılaşdıran rejissorun hansı fikri ötürmək istədiyi gün kimi aydındır. Zamanın, yerin, səbəbin və nəticələrin heç bir əhəmiyyəti yoxdur, müharibə övladlarımızı Kuraj ananın övladlarının nümunəsində əlimizdən almağa davam edir...

“Sənətin ali məqsədi” ifadəsi bir qədər dəbdəbəli səslənsə də, elə yerlər var, həqiqətən, adi söz olmaqdan çıxıb ideyaya çevrilir, şüara çevrilir, əzmə çevrilir, etiraza çevrilir…

Müharibəyə bu cür “uzaqdan baxmaq”, həqiqətən, çox çətindir, amma sənət hər şeyə qadir olduğunu bir daha göstərir…

***

Mənim ruhum yoxdur, amma oduna ehtiyacım var… – övladlarını çörək ağacı hesab etdiyi müharibədə (müharibələrdə) itirmiş (itirməyə davam edən) Kuraj ananın sözləridir…

Tamaşadan sonra oturub təəssüratımızı bölüşürdük. Dekorasiya, geyimlər, aksesuarlar, musiqi, sözsüz səhnələr, rəssam işi, işıqlandırma, tamaşaya qədərki proseslər, məşqlər… – bir sözlə, Şəki teatrında eyni diqqətlə yanaşılan bütün xırdalıqlar da daxil olmaqla hər şey barədə danışmışdıq. Birdən:

– Kuraj ana bütün laqeydliyi və hissizliyi, sərtliyi və ticari xarakteri ilə dünyanı simvolizə etmirmi? – deyə sual verdim. – Çoxdan təslim olub, şərlə çoxdan barışıb, onun üçün fərqi yoxdur…

Mirbala müəllim bir az təəccübləndi, fikrə getdi:

– Maraqlı fikirdir, dərindən nəzər salanda, həqiqətən, elədir, Kuraj ananı insan əzablarının kütləşdirdiyi, ya da kütləşdirdiyi təsəvvürü formalaşmış dünya ilə müqayisə etmək ağlabatan görünür…

Sükut çökdü. Fikirləşirdim ki, teatr, həqiqətən, həqiqətin ən az oynanıb, ən böyük çılpaqlığı ilə çatdırıldığı yerdir. Səhnəyə çıxan aktyor və aktrisalardan hər birinin oynadığı rolla az əvvəl müharibə əleyhinə mübarizənin bir parçasına çevrildiyinin canlı şahidi olmuşdum, lakin Arzu Mustafayevanın Katrini mənə çox təsir etmişdi. Körpəni ovutmağa çalışdığı, çiçəklərlə oynadığı, müharibənin ortasında geyim-keçimlə nazlanmağa macal tapdığı, ən çox da diz çöküb lal dilində dua etdiyi səhnələrə adi  yanaşmaq mümkün deyildi. Tamaşanın sonlarına doğru şəhər əhalisini xəbərdar etmək üçün dama çıxıb təbil çaldığı və öldürüldüyü səhnədə elə bir ustalıq nümayiş etdirmişdi ki, mən bir anlıq onun hər şeyi unudub özünü, həqiqətən, Katrin hiss etdiyinə, dünyanı ayıltmaq üçün həyəcan təbili çaldığına, son nəfəsdə buna nail olduğuna inanmışdım:

– Katrin isə mələkdir…

– Bəli, belə də demək olar…

Görəsən, Bertold Brext mələklərə inanırdımı?...

Hədiyyə Şəfaqət