Milli Kitabxananın dövri mətbuat arxivindən (18)

 

Mətbuat xronikasından növbəti seçmələr 66 il öncəyə, 1958-ci ilin iyununa aiddir. Sovet Azərbaycanının aparıcı nəşri – “Kommunist” qəzetindən üç nümunədə ədəbiyyatla musiqi, teatr və uşaqların istirahəti var. Yazılarda dövrün orfoqrafiyası saxlanılıb...

 

“Poeziyada və mahnılarda komsomolun tərənnümü”

 

Azərbaycan dövlət filarmoniyasının səyyar mühazirə bürosu tərəfindən hazırlanan konsert-mühazirə seriyası “Poeziyada və mahnılarda komsomolun tərənnümü” adlanır. Lenin komsomolunun 40 illiyinə həsr edilən bu seriyaya iki mövzu daxil edilmişdir. “İlk komsomolçular” adlanan birinci mövzu Vətəndaş müharibəsində gənclərin iştirakını və ilk beşilliklərin tikintilərdə onların fədakar əməyini əks etdirir. “Fədakar komsomolçular” adlanan ikinci mövzu Böyük Vətən müharibəsi dövrünü və müharibədən sonrakı illəri əhatə edir.

S.M.Kirov adına Mərkəzi mədəniyyət və istirahət parkında “İlk komsomolçular” mövzusunda birinci konsert olmuşdur.

Gənclərin VI Ümumdünya festivalının laureatı – Azərbaycan dövlət filarmoniyasının simli kvarteti və solistləri, habelə Azərbaycan dövlət operasının solistləri və estrada artistləri çıxış etmişlər. Onlar komsomola və gənclərə həsr olunmuş mahnı və şeirləri ifa etmişlər.

Dzerjinski adına mədəniyyət parkında, Stalin adına mədəniyyət sarayında və başqa yerlərdə də komsomola həsr olunmuş konsert-mühazirələr keçiriləcəkdir.

 

Gənclər teatrının yeni tamaşası

 

Maksim Qorki adına gənc tamaşaçılar teatrı öz yeni əsərini – qocaman dramaturq Abdulla Şaiq tərəfindən yazılmış “Bir saat xəlifəlik” pyesini göstərmişdir. Bu pyesin əsasını Bağdad xəlifəsi Harun ər-Rəşid və onun qardaşı Bəhlul Danəndə haqqında ərəb əfsanəsi təşkil edir.

Tamaşanın quruluşu Azərbaycan SSR əməkdar incəsənət xadimi Z.Nemətovundur. Bəhlul Danəndə rolunda Azərbaycan SSR xalq artisti Əliağa Ağayev, Harun ər-Rəşid rolunda artist Yusif Vəliyev çıxış edirlər.

 

“Düşərgəmiz gözəldir”

 

Pirşağıda, Xəzərin mavi sularından azca aralı, yaşıl ağaclar arasında yerləşən maarif, ali məktəb, elmi müəssisə işçiləri həmkarlar ittifaqının yay pioner düşərgəsi doğrudan da gözəl və səfalı yerdədir. Burada hər şey pionerlərin yay istirahətini şən keçirmək üçündür.

Budur, hər cür avadanlıqla təmin edilmiş yataq otaqlarında uşaqlar şirin yuxudadırlar. Səhər yavaş-yavaş açılır. Düşərgədə hökm sürən sükutu “Qalxın, həyatın sizə bəxş etdiyi gözəlliklərdən istifadə edin!” – deyə çalınan şeypurun ahəngdar səsi pozur...

Oğlanlar və qızlar sanki bütün gecəni bu səsi gözləyirmiş kimi tez ayağa qalxır, geyinir, yuyunur, yeyir, oxuyur, rəqs edir, düşərgədə onların rahatlığı üçün yaradılmış bütün imkanlardan istifadə edirlər.

Pioner düşərgəsində 300-ə qədər oğlan və qız dincəlir. Burada respublikamızın Əli Bayramlı, Ağsu, Saatlı rayonlarının məktəblərindən gəlmiş qonaqlar da vardır. Onlar bir yerdə gəzir, köhnə dostlar kimi bir-birindən ayrılmırlar.

Düşərgədə olan basketbol, voleybol, futbol meydançaları məktəblilərin ixtiyarına verilmişdir.

Düşərgənin kitabxanası pionerlərin ən çox sevdikləri yerlərdən biridir. Burada müxtəlif adda maraqlı kitablar vardır. Məktəblilər bu kitabları ağac altında qoyulmuş stullarda oturub oxumağı daha çox sevirlər.

Pionerlərin sevdikləri yerlərdən biri də düşərgənin həyətyanı sahəsidir. Burada kələm, pomidor, günəbaxan, qarğıdalı, habelə müxtəlif çiçəklər əkilmişdir. Gəncə təbiətçilər dərnəyinin üzvləri həyətyanı sahəyə böyük qayğı ilə qulluq edirlər.

Məktəblilər düşərgədə olan domino, dama, şahmat oyunlarına da böyük həvəs göstərirlər. Stolüstü tennisin ətrafı isə həmişə uşaqlarla dolu olur.

Düşərgənin axşamları xüsusilə maraqlı keçir. Qarmonun ahəngdar sədaları altında uşaqlar mahnı oxuyur, rəqs edir və müxtəlif maraqlı əyləncələrlə məşğul olurlar.

Yay aylarını düşərgədə keçirən məktəbliləri hələ çoxlu fərəhli günlər, xoş əyləncələr və maraqlı işlər gözləyir.

“Kommunist” qəzeti, 10 iyun 1958-ci il