Ötən əsrin ikinci yarısında Güney Azərbaycan ədəbiyyatı xəzinəsini diqqətəlayiq əsərlərlə zənginləşdirən ədiblərimizdən biri də yazıçı, tərcüməçi və pedaqoq, publisist, folklorşünas Səməd Behrəngidir. Tanınmış ədibin bu il anadan olmasından 85 il ötür.

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərinin Çərəndab məhəlləsində dünyaya göz açıb. Hələ kiçik yaşlarında ikən atası iş, güzəran dalınca Şimali Azərbaycana – Bakıya üz tutur və bir daha geri dönmür.

Ata qayğısından mərhum olan Səməd ibtidai təhsilini şəhərdəki “Tərbiyyət” məktəbində alır. Sonra Təbriz Pedaqoji Texnikumunda təhsilini davam etdirir. Tələbəlik illərində “Xənde” (“Gülüş”) adlı həftəlik divar qəzeti buraxır. İlk qələm təcrübələrini bu dövrdə yazır. Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim kimi başlayır. Ancaq o, ali təhsil almaq istəyirdi. 1956-cı ildə Təbriz Universiteti Filologiya fakültəsinin ingilis dili şöbəsinə qəbul olunur. Təhsil aldığı dövrdə onda xalq yaradıcılığı nümunələrini toplamaq həvəsi yaranır. Dostu və həmkarı Behruz Dehqani ilə yaxın-uzaq yaşayış məntəqələrinə üz tutur. Ağsaqqal, ağbirçəklərdən Azərbaycan nağıllarını toplayırlar. O, nağılları fars dilinə tərcümə edir və birlikdə nəşrinə nail olurlar. Yazıçı folklor örnəklərinin araşdırılması ilə də məşğul olur.

Səməd Behrəngi eyni zamanda fars dilindən bədii nümunələri – Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirərək dövri mətbuatda dərc etdirir.

Səməd Behrəngi yaradıcılığında uşaqlar ayrıca yer tutur. Əsərlərində əsasən uşaqlar və gənclərin dünyasına müraciət edib. Bədii nümunələrinin mövzusu, qaynağı isə zəngin Azərbaycan xalq ədəbiyyatıdır.

Səməd Behrəngi dərs dediyi kəndlərdə şagirdlərin sevimlisinə çevrilir, sakinlərin rəğbətini qazanır. Çünki ana dilimizin, milli adət-ənənələrimizin böyük təəssübkeşi və təbliğatçısı kimi tanınırdı. Onun bu təəssübkeşliyi, fədakarlığı siyasi rejimin diqqətindən kənarda qala bilməzdi. Ona görə də pedaqoq-yazar haqsız təqiblərə məruz qalır. “Parə-parə” kitabının çapına görə 6 ay müəllimlikdən uzaqlaşdırılır.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə işıq üzü görür. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazır. “Balaca qara balıq” hekayəsi oxucular tərəfindən böyük maraqla qarşılanır. Uşaqlar üçün yazdığı əsərlərdə daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün satışı və yayılmasına qadağa qoyulur. Gənc Səmədin bu əsərləri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq kitabları müsabiqəsinin qalibi olur, qızıl medala layiq görülür. Bundan sonra kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilir.

Təsadüfi deyil ki, Cənubi Azərbaycanda uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə görə həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” kimi səciyyələndirib, fəaliyyətini yüksək qiymətləndiriblər.

Səməd Behrəngi 31 avqust 1967-ci ildə Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında, Araz çayı sahilində müəmmalı şəraitdə boğularaq qətlə  yetirilib.

Tanınmış yazıçının ədəbi irsindən “Məhəbbət nağılı” adlı seçilmiş əsərləri Bakıda ilk dəfə 1987-ci ildə kütləvi tirajla çap olunub.

Ölümündən sonra Səməd Behrəngiyə xeyli sayda şeir həsr edilib. Həmin şeirlərin çoxuna tanınmış bəstəkarlar tərəfindən musiqi bəstələnib. Haqqında sənədli filmlər çəkilib.

Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq saytı  litdiaspora.az ədəbi portalı tərəfindən 2014-cü ildə “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib.

2019-cu ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Səməd Behrənginin 80 illik yubileyi geniş şəkildə qeyd olunub.

Savalan Fərəcov