Türkiyə sahillərin və sahil sularının təmizliyini göstərən “mavi bayraq” beynəlxalq ekoloji etiketli çimərliklərin sayına görə dünyada üçüncü yerdədir.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin məlumatına görə, hazırda ölkədə “mavi bayraqlı” 567 çimərlik fəaliyyət göstərir. Ölkə bu göstərici üzrə yalnız İspaniya və Yunanıstandan geri qalır.

Nazirliyin məlumatında qeyd edilir ki, 2002-ci ildə nüfuzlu ekoloji etiketə malik Türkiyə çimərliklərinin sayı cəmi 140 olub və sonrakı illərdə bu, davamlı olaraq artmağa başlayıb.

Çimərliklərin vəziyyətinin qiymətləndirilməsi beynəlxalq ekspertlər tərəfindən hər ilin may ayında aparılır. Çimərliklərdən əlavə, Türkiyədə 27 marina (kiçik qayıq və yaxtaların yan aldığı turistik liman) və 9 özəl yaxta beynəlxalq ekoloji “mavi bayraq” daşıyır.

Bundan əlavə, ölkədə fəaliyyət göstərən 1400 çimərlik, o cümlədən koordinatlar, yüksək dalğa riski və sahildən su dərinliyi haqqında məlumatlarla xüsusi olaraq yaradılan plaj.csb.gov.tr saytında tanış olmaq olar.

Qeyd edək ki, 2023-cü ildə də dünya üçüncüsü olan Türkiyədə “mavi bayraq”lı 551 çimərlik vardı. Ötən bir ildə onların sırasına daha 16-sı əlavə olunub.

“Mavi bayraq” reytinqi hər il çimərlik mövsümü ərəfəsində mənzil-qərargahı Kopenhagendə (Danimarka) yerləşən Ekoloji Təhsil Fondu (FEE) tərəfindən elan edilir. 2024-cü ilin statistikasına dair www.blueflag.global saytında yer alan məlumata görə, dünya üzrə 51 ölkədə ümumilikdə 5121 çimərlik, marina və yaxta “mavi bayraq” sahibidir.

İspaniya “mavi bayraq”lı 639 çimərlik (həmçinin 102 marina və 7 yaxta) ilə reytinqdə ilk sıradadır. İkinci yerdə olan Yunanıstanda 625 çimərlik bu statusa malikdir. “Mavi bayraq”lı çimərlik sayına görə Türkiyədən sonra növbəti yerlərdə İtaliya (485), Fransa (398) və Portuqaliya (398) var. İlk onluğa Danimarka (142), İrlandiya (84), Meksika (78), Kipr (76) də daxildir. Avropanın kiçik ölkələrindən Monteneqronun Adriatik dənizi sahillərində 39 çimərliyi də reytinqdə yer alıb.

Maraqlıdır ki, şərq və qərbdən iki okeanla əhatələnən və min kilometrlərlə sahil zolağı olan ABŞ-də cəmi 2 çimərlik bu reytinqə düşüb. İldə cəmi 1-2 ay yay havası olan ucqar şimaldakı İslandiyanın da reytinqdə (2 çimərlik) olması maraq doğurur.

FEE tərəfindən 1987-ci ildən verilən “Mavi bayraq” sertifikatı 4 meyar üzrə müəyyənləşir: suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması. Mükafata layiq görülən çimərlikdə onun loqosu olan mavi bayraq dalğalanır. Bu, turist cəlb etmək üçün ən vacib göstəricilərdən biridir. Türkiyədə sözügedən proqram 1993-cü ildən tətbiq edilir.

Azərbaycanda çimərliklərdən hələ heç biri “mavi bayraq” almayıb. Ümid edək ki, yaxın vaxtlarda bizdə də çimərlik turizmində mövcud potensialdan daha səmərəli istifadə olunacaq və dünya standartlarında xidmətlər təklif ediləcək.

V.Kamal