MDB-də humanitar sahə üzrə əsas mükafat olan “Birlik ulduzları” bu il növbəti dəfə təqdim olunacaq. 2009-cu ildə MDB Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən mükafat hər il humanitar sahədə dünya nailiyyətlərinin səviyyəsinə uyğun gələn işlərə və MDB ölkələrinin inkişafına töhfə verən ən mühüm nailiyyətlərə görə verilir.

“Birlik ulduzları” dövlətlərarası mükafatının verilməsi üzrə şura laureatları elan edib. Onların arasında Azərbaycanın Xalq rəssamı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov da var.

Məlumata görə, bu il mükafata 7 ölkədən 11 namizədlə bağlı təqdimat olub. MDB ölkələrinin tanınmış mədəniyyət və təhsil xadimlərinin daxil olduğu münsiflər heyətinin qərarı ilə mükafatlar yeddi iddiaçıya verilib.

“Mədəniyyət və incəsənətdə müstəsna xidmətlərinə görə” nominasiyası üzrə “Birlik ulduzları” mükafatının qalibləri arasında Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovla bərabər, Qazaxıstan Milli Dram Teatrının aktyoru, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Tunqışbay Camankulov və estrada müğənnisi, Özbəkistanın Xalq artisti Yıldız Usmanova da var.

“Elm və təhsil sahəsində görkəmli töhfələrə və nailiyyətlərə görə” nominasiyasında qaliblər Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatını Araşdırma Mərkəzinin müəlliflər komandası və Tacikistan Milli Universitetinin professoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Davlat Solixzoda olub.

“Humanitar fəaliyyətə müstəsna töhfəsinə görə” nominasiyası üzrə mükafata fiqurlu konkisürmə üzrə üçqat Olimpiya çempionu, Ümumrusiya Məktəb İdmanları Federasiyasının prezidenti Əməkdar idman ustası İrina Rodnina və Qırğızıstanın Əməkdar mədəniyyət işçisi, Respublika İdman, Bədən Tərbiyəsi və Mədəniyyət Mərkəzinin direktor müavini Damira Alışbayeva layiq görülüb.

Ənənəvi olaraq “Birlik ulduzları” ilə bərabər, MDB ölkələri gəncləri üçün “Debütlərin birliyi” mükafatının laureatları da elan edilib. Laureatlar arasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mariya Dubovitskaya da var.

Mükafatların təqdimatı mərasimi sentyabrda MDB ölkələrinin Yaradıcı və elmi ziyalılarının Forumu çərçivəsində Ufada (Başqırdıstan, RF) olacaq.