Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i keçib. Xarici informasiya vasitələrinin məlumatlarına görə, ölənlərin təxminən yarısı Misirdən gələn zəvvarlardır. Məlumatlarda bildirilir ki, ölümlər isti səbəbindən baş verib.
Həmçinin 60 iordaniyalının vəfat etdiyi xəbər verilir. Bundan başqa, ölən zəvvarlar arasında İndoneziya, İran, Seneqal, Mərakeş və Tunis vətəndaşları da var. Rusiya mediasının məlumatına görə, Həcc ziyarətində bu ölkənin 4 vətəndaşı vəfat edib.
Bu günlərdə Məkkədə temperatur 52 dərəcəyə çatıb. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi xəbərdarlıq etmişdi ki, havanın temperaturunun əhəmiyyətli dərəcədə artması bu il zəvvarlar üçün əsas problemlərdən biri olacaq.
Həcc ziyarətində 1,8 milyondan çox zəvvar iştirak edib. Bu rəqəm hava, quru və dəniz limanları vasitəsilə Səudiyyə Ərəbistanına daxil olan zəvvarları əhatə edir. Eyni zamanda xarici informasiya vasitələrində çoxlu sayda zəvvarın qeyri-leqal şəkildə ölkəyə daxil olduğu da bildirilir.
Bu il Həcc mövsümü iyunun 14-də başlayıb və ayın 19-dək davam edib.