Fikrət Əmirovun ölməz əsəri bu dəfə Azərbaycan balet ustalarının ifasında alqışlanıb

 

Rusiyanın Çelyabinsk şəhərində dünyaca məşhur balerina, SSRİ Xalq artisti Yekaterina Maksimovanın şərəfinə keçirilən XV balet festivalı başa çatıb. İyunun 7-dən 17-dək davam edən festivalda Azərbaycan və Başqırdıstan balet ustaları festivalın qonaqları qismində çıxış ediblər.

Nüfuzlu festivala ilk dəfə qatılan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı iki gün – 14-15 iyunda Çelyabinsk Opera və Balet Teatrının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edib.

Rusiya mətbuatı bu tədbiri, o cümlədən Azərbaycan bəstəkarının əsərinin nümayişini diqqətdə saxlasa da, Çelyabinskin 1obl.ru portalı həm festivalın gedişini, həm  də “Min bir gecə” baletinin nümayişini daha geniş işıqlandırıb.

“Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşasına yüzlərlə tamaşaçı yığışmışdı. Bəstəkar Fikrət Əmirov ərəb musiqisinin ritminin bütün zənginliyini öz musiqisində çatdırmağa nail olduğundan tamaşaçılar ksilofon, vibrafon, litavr, təbil və digər zərb alətlərinin səslərini eşidə bildilər. Orkestrin heyətinə ənənəvi Azərbaycan simli aləti olan tar da daxil edilib. Bütün bu alətlər ənənəvi orkestr alətləri  ilə birlikdə füsunkar Şərq təranələri yaradırdı. Bu baletin yaşı 40-dan çox olsa da, Azərbaycan teatrı onu ilk dəfə Çelyabinsk səhnəsində oynayırdı” – saytdakı yazıda oxuyuruq.

Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyevin idarəsilə Çelyabinsk teatrının orkestri müşayiət edib. Əsas partiyaları teatrın aparıcı solistləri Fatimə Xələfova, Ayan Eyvazova və İlya Mananenkov ifa ediblər.

1obl.ru portalı bizim tamaşa haqqında həm sıravi tamaşaçıların, həm də peşəkar musiqiçilərin ürəkaçan fikirlərinə, tamaşadan fotolara da yer verib.

İyunun 17-də isə “Yekaterina Maksimovanın şərəfinə” festivalı möhtəşəm qala-konsertlə yekunlaşıb.

Azərbaycanın balet artistləri də qala-konsertdə iki nömrə ilə çıxış ediblər. Fatimə Xələfova və İlya Mananenkov “Min bir gecə” baletindən Şah Şəhriyarla Şəhrizadın adajiosunu ifa ediblər. Daha sonra Ayan Eyvazova və İlya Mananenkov A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən Məhminə banu ilə Fərhadın duetini təqdim ediblər. 

Bizim balet artistlərinin çıxışları, iki Azərbaycan bəstəkarının möhtəşəm baleti ilə yanaşı, festivalın bağlanışında daha bir bəstəkarımızın əsəri səslənib. Konsertdə ən güclü alqışı Çelyabinsk teatrının solistləri Liri Vakabayasi və Kubanıç Şamakeyevin ifasında Nazim Əliverdibəyovun “Muğam” miniatürü qazanıb.

Gülcahan Mirməmməd