Vəcihə Səmədovanın 100 illiyinə həsr olunan sərgi

 

Bu il XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın (1924–1965) anadan olmasının 100 illik yubileyidir.

Bu münasibətlə iyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərginin açılışı keçirildi.

Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəniyyət, incəsənət xadimləri, sənətkarın yaxınları və digər qonaqlar iştirak edirdilər.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgidə rəssamın Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş olunur. “İmtahandan qabaq”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu”, “Kürün sahilində”, “Leyla Bədirbəylinin portreti”, “Geoloq M.Məmmədbəylinin portreti”, “Memar Solmaz Səmədovanın portreti” və digər əsərlər müəllifin yüksək sənət duyumundan xəbər verir.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov V.Səmədovanın yaradıcılığından söz açdı.

Rəssamın nəvəsi Aqşin Mirfeyzullazadə ailələri adından tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür etdi.

Çıxışlardan sonra sənətkarın yaradıcılığı haqqında fikirlərin yer aldığı videoçarx nümayiş olundu.

Qonaqlar sərgi ilə tanış oldular. Sərgi noyabrın 25-dək davam edəcək.