Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üç aydır davam edən Mədəniyyət Yolu Festivalının növbəti ünvanı yenə Qara dəniz bölgəsidir. Bir öncəki məkan – Samsundan sonra festivala 22–30 iyun tarixlərində Trabzon ev sahibliyi edir.
Festivalın açılış mərasimində Trabzon Böyükşəhər Bələdiyyəsinin başqanı Əhməd Metin Gənc, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Trabzon valisi Əziz Yıldırım və digər rəsmilər iştirak ediblər.
Trabzonun tarixi və mədəni irsi ilə seçilən qədim şəhər olduğunu deyən Əhməd Metin Gənc bildirib ki, eyni zamanda hər şəhərin öz gözəlliyi və özəlliyi var. Trabzonun da üç əsas tanıtım nişanı tarix, mədəniyyət və incəsənət şəhəri olmasıdır. Festivalın növbəti dəfə Trabzonda keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edən bələdiyyə başqanı mədəniyyət bütün sahələrini bir araya gətirən layihənin əhəmiyyətini vurğulayıb.
Nazir müavini Nadir Alpaslan da Trabzonun ikinci dəfə festivala ev sahibliyi etdiyini diqqətə çatdıraraq 9 gün ərzində şəhərdəki 40 məkanda ümumilikdə 500-dən çox tədbirin keçiriləcəyini deyib. Bildirib ki, Trabzon builki Mədəniyyət Yolunun beşinci məkanıdır, irəlidə isə daha 11 şəhər var.
Trabzondakı Atatürk meydan parkında (Atatürk alanı – Qazi Mustafa Kamal 15 sentyabr 1924-cü ildə Trabzona səfəri zamanı burada xalqa xitab edib) təşkil edilən açılış mərasimində çıxışların ardından ənənəvi horon rəqsi (Qara dəniz bölgəsində oynanılan xalq rəqsi) nümayiş olunub. Hamamizade İhsan bəy Mədəniyyət Mərkəzində rəsm sərgisi açılıb. “Mehtər marşı”nın sədaları altında Trabzon Şəhər Muzeyinə yürüş olub. Festivalın daha bir sərgisi şəhərdəki qədim Qızlar monastırı binasında təşkil edilib. Festival proqramına silsilə konsertlər, sənətçilərlə görüşlər, bölgənin zəngin mətbəxinin təqdimatı və s. tədbirlər daxildir.
Qeyd edək ki, aprel ayında Adanada başlayan Mədəniyyət Yolu Festivalı Şanlıurfa, Bursa və Samsunda davam edib. Tranzondan sonra festivalın marşrutu 29 iyun – 7 iyul tarixlərində Van, ardınca 3–11 avqustda Nevşehir, 17–25 avqustda Ərzurum olacaq. Çanaqqala, Qaziantep, Ankara, Konya, İstanbul, Diyarbəkir və İzmirdən də keçəcək Mədəniyyət Yolu noyabrda Antalyada başa çatacaq.
Vüqar Orxan