İstanbuldakı dünyaca məşhur Ayasofya məbədinin elektron surəti yaradılıb. Bu, 15 əsr tarixi olan tikili zəlzələ zamanı hətta dağılsa belə, onun bərpasına imkan verəcək.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib. Mütəxəssislər iki il ərzində binanın, demək olar ki, hər kvadratsantimetrini skan edərək Ayasofyanın “elektron kloun”unu yaradıblar.

“Biz istəyirik ki, Ayasofya 500 ildən sonra da bugünkü kimi qalsın. Toplanmış məlumatlar sayəsində təbii fəlakətlərdən ciddi ziyanın dəyəcəyi təqdirdə, tikilinin memarlıq görünüşünün bərpası mümkün olacaq”, – deyə Fondlar Baş İdarəsinin nümayəndəsi Şengül Koncagül jurnalistlərə bildirib.

İstanbulun tarixi simvollarından olan Ayasofya 537-ci ildən bu yana pravoslav kilsəsi, katolik kilsəsi, məscid, muzey kimi fəaliyyət göstərib. 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Ayasofya İstanbula gələn turistlərin ilk dayanacaq nöqtəsidir. Buraya gələnlərin bir qismi namaz qılarkən, bir qismi də ölçüsü və funksionallığı ilə dünya memarlığında mühüm yer tutan bu tikili ilə yaxından tanış olur.

Təbii fəlakətlərlə də sınanan (984-cü ildə qübbəsi uçmuş, sonra bərpa olunmuşdu) məbəd Səlib yürüşlərinin (Roma Katolik Kilsəsinin Yaxın Şərqə hərbi yürüşləri) də hədəfinə çevrilib və 1204–1261-ci illərdə katolik kilsəsi kimi fəaliyyət göstərib. İstanbulun (o vaxt Konstantinopol) yenidən Bizans İmperatorluğunun tərkibinə qatılması ilə təkrar pravoslav kilsəsi olub.

1453-cü ilin 29 mayında Osmanlı padşahı II Mehmet (Fateh Sultan Mehmet) tərəfindən İstanbul fəth olunur. Fəthdən sonra Sultan Mehmet Ayasofyaya gələrək ilk cümə namazını burada qılır və məbədin məscid kimi fəaliyyət göstərəcəyini bildirir. 1481-ci ildə Ayasofyanın ilk minarəsi ucaldılır, sonra müxtəlif tarixlərdə daha 3 minarə inşa edilir.

Türkiyədə Cümhuriyyət qurulduqdan (1923) sonra da Ayasofya bir müddət məscid kimi fəaliyyət göstərib. 1930-cu ildə bərpa işləri ilə bağlı müvəqqəti olaraq bağlanıb. 1934-cü ildə hökumət Ayasofyanın muzeyə çevrilməsi barədə qərar qəbul edib. 2020-ci ildən isə məbəd yenidən məscid kimi fəaliyyətinə davam edir...