Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) strateji məqsədlərindən biri də yeni və klassik filmlərimizin geniş auditoriyaya təqdim olunmasıdır. Bu məqsədlə qurum tərəfindən bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirilir.
İyul ayının birinci yarısında “Şirvanda kino günləri” layihəsi reallaşdırılacaq. Layihə üzrə İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov və İntiqam Hacılının qısametrajlı filmləri nümayiş olunacaq. Filmlər Şirvan şəhərində, Neftçala, Salyan, Hacıqabul və Biləsuvar rayonlarında təqdim ediləcək.
Qeyd edək ki, bundan əvvəl 2022-ci ildə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında film nümayişləri təşkil olunmuşdu.