Lənkəran Mərkəzi Kitabxanası və Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunmuş “Füzuli rindü-şeydadır” adlı tədbir keçirilib.
Çıxış edənlər şairin həyat və yaradıcılığından bəhs ediblər. Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi ədəbi dilimizin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin irihəcmli əsərləri ilə yanaşı, qəzəlləri də söz sənətimizin ölməz abidələridir.
Şagirdlər tərəfindən şairin sözlərinə yazılmış “Vətənimdir” və “Füzuli kantatası” əsərləri ifa olunub. “Leyli və Məcnun” poemasından “Anasının Leyliyə nəsihəti” səhnəsi, həmçinin müxtəlif rəqslər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.