İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı və “Tək Hədəfim Təhsil” birlikləri tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük!” layihəsi çərçivəsində “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” adlı sərgi nümayiş olunub.
Sərgi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” ictimai birliyinin həyata keçirdiyi layihə əsasında, ölkəmizin İstanbuldakı Baş Konsulluğu və Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə açılıb.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində çıxış edən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı” birliyinin rəhbəri Kamalə Kamal Cabbarova, Azərbaycan Baş Konsulluğunun əməkdaşı Zaur Allahverdizadə, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Tək Hədəfim Təhsil” birliyinin rəhbəri Cem Yıldırım və digərləri Zəngəzurun tarixi, mədəni irsi, qədim yurd yerimizdə xalqımıza məxsus mirasın ermənilər tərəfindən yox edilməsi haqqında danışıblar.
Zəngəzur sənətkarlığına dair sərgini ərsəyə gətirən Sərdarlar ailəsinin üzvləri – Lalə Sərdarlı (“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” ictimai birliyinin sədri), Toğrul Sərdarlı və İsgəndər Sərdarlı çıxış edərək layihə haqqında məlumat veriblər, sərginin qardaş ölkədə təşkilində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.
Sonra layihə çərçivəsində hazırlanan sənədli film nümayiş etdirilib.
Bədii hissədə Azərbaycan milli musiqi və rəqs nümunələri ifa edilib, milli mətbəximizin təamları qonaqlara təqdim olunub.