Şimali Kiprdə ənənəvi olaraq keçirilən və bu il 26-cısı təşkil edilən Bellapais musiqi festivalına Azərbaycan da qatılıb.
Festival çərçivəsində Bellapais monastırında gerçəkləşən Azərbaycan – Şimali Kipr dostluğuna həsr olunmuş ədəbi-bədii gecədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Təhlükəsizlik Qüvvələri Komandanlığının nümunəvi hərbi orkestri və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin rəhbərliyi ilə ölkəmizdən gedən yaradıcı qrup konsert proqramı ilə çıxış edib.
Bədii proqramı ŞKTC Prezidenti Ersin Tatar, Türkiyənin Lefkoşa böyükelçisi Metin Feyzioğlu, Kıbrıs Türk Barış Qüvvələri komandanı general-leytenant Sebahattin Kılınç, digər rəsmilər, yerli sakinlər izləyiblər.
Abdulla Qurbani türk xalqlarının tarixi, mədəni bağlarından danışıb, Şimali Kiprə həsr etdiyi şeirlərini söyləyib.
Şimali Kipr hərbi orkestrinin (dirijorlar Oktay Keser və Murat Menket) ifasında U.Erkinin “Köçekçe”, A.Hocanın “Kıbrıs” süitası və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səslənib. Orkestrdə ilk dəfə Azərbaycan tarı və kamançası da yer alıb.
Əməkdar artist Cahangir Qurbanov Müslüm Maqomayevin “Azərbaycan” mahnısı (söz: Nəbi Xəzri), Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala – 1915” qəhrəmanlıq oratoriyasından parça və “Dolama” türk xalq mahnısını oxuyub. İstedadlı xanəndə Nigar Rəhimovanın ifasında Azərbaycan və Kipr xalq mahnıları da maraqla qarşılanıb.
Hərbi orkestrin ifasında “Böyük Zəfər marşı” (söz: Abdulla Qurbani, musiqi: İlqar Novruzov) və Yılmaz Tanerin “Mücahidlər marşı”nı tamaşaçılar ayaq üstə alqışlayıblar.
ŞKTC rəhbəri Ersin Tatar festival iştirakçılarına yaradıcılıq uğurları arzulayıb, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini xatırlayıb: “Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “Kipr bayrağı da Türk dövlətlərinin bayraqları sırasında dalğalanacaqdır!” fikirləri dünyaya bir mesaj olmaqla, Şimali Kipr xalqının da böyük ruh yüksəkliyinə səbəb olub. Biz qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanına daim minnətdarıq və ona inanırıq”.
O daha sonra deyib: “Biz tarixi, mənəvi köklərlə bir-birimizə bağlıyıq. Bu əlaqələrin daha da güclənməsi və gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün birgə səylərimizi əsirgəməyəcəyik. Bugünkü dostluq və qardaşlıq gecəsi bunun parlaq təcəssümüdür”.
Ersin Tatar azərbaycanlı sənətçilərə xatirə hədiyyələri təqdim edib.