Beynəlxalq Muğam Mərkəzində “SABAH” incəsənət festivalı keçirilib. 24-25 iyun tarixlərində gerçəkləşən festival SABAH qruplarının 10 illiyinə həsr olunub.

Qonaqlar mərkəzin foyesində Azərbaycan Memarlıq və İnşaat Universiteti SABAH qruplarının memarlıq ixtisası üzrə təhsil alan tələbələrinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası SABAH qruplarının dizayn və dekorativ-sənət ixtisası üzrə təhsil alan tələbələrinin layihə və əl işləri ilə tanış olublar.

Festival çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin təqdimatında klassik musiqi axşamı olub. Bundan əlavə, ADMİU tələbələrinin ifasında Qurban Səidin “Əli və Nino” əsəri əsasında tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Qruplar 2014-cü ildə 33 ixtisas üzrə respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş və məhz qeyd olunan keyfiyyətlərə malik tələbələrdən formalaşdırılıb.

Lalə