...Axır ki, bizə də Şuşa yolu göründü: Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və qala-konsert Şuşada olacaqdı. Bəndəniz də “Mədəniyyət” qəzetinin təmsilçisi kimi qaliblər, münsiflər, təşkilat komitəsinin üzvləri və bir neçə televizyonçu həmkarı ilə birlikdə Şuşaya yola çıxdı.

Səfər proqramımız ürəyimdən keçən qədər geniş deyildi: vaxt məhdud, səfər yoldaşlarımın görəcəyi işlər mənim Şuşada gəzib görmək arzuladıqlarımla tərs-mütənasib. Nə isə, fikirləşirəm ki, o qədər də dərin əcnəbi dil biliyim olmadan yolum  düşən uzaq şəhərlərdə baş çıxarmışamsa, doğma Şuşada da heç karıxmaram.

Beləcə, iyunun 8-də, demək olar ki, gün günortaya varanda Bakıdan yola çıxdıq. Nə edəsən, müsabiqə qaliblərinin adları münsiflərin saatlarla sürən gənəşməsindən sonra gecədən xeyli keçmiş məlum olubsa, onların səhər erkən səfərə hazır olacaqlarını gözləmək ağlabatan görünmürdü. 

 

Yolumuz Zəfər yoludur

 

Bizi istidən sərinə doğru aparan komfortlu avtobus Bakıdan çıxıb bölgələrimizi geridə qoyduqca yol, məni ildən-ilə köç edən bir arzumun gerçəkləşməsinə yaxınlaşdırır.

Tezliklə yeni Füzuli şəhərinin çoxmərtəbəli binaları görünür. “Şuşa – 70 km” lövhəsinə gözlərim sataşan kimi təxminən 6 saatlıq yolun yorğunluğu bir anda çəkilir. Bizi Şuşaya aparan gah yoxuşlu, gah enişli yol, sərt və iri nəqliyyat vasitəsi üçün yetərincə qısa döngələrin doğurduğu təlaş yamyaşıl dağ yamaclarının gözəlliyindən zövq almağa mane olmur. Əksinə! Yumşaqlığına görə çobanyastığı, formasına görə bu yerlərdə mollabaşı (ağ əmmanəni xatırlatdığı üçün) adlanan, bir adı da ağkirpik olan çiçəklər xalı kimi dolanbaclı yol qırağına sərilib. Qəfil yağış başlayır. Əslində, bu yol üçün, zirvələrə sığınmış Şuşa üçün gündə bir neçə dəfə yağışın yağması adi haldır. Biz isə yolumuzdan qalmırıq. Peşəkar sürücümüz də deyəsən, təbiətin bu təşviş doğuran şıltaqlığına alışıb, göy gurultusu, ildırım çaxması ilə müşayiət olunan yağışın altında bəmbəyaz ləçəkli ağkirpiklər iri yağış damlalarının hökmülə sanki sərnişinlərə göz vurub, “hə, necədir, Şuşa yolu xoşunuza gəlir” deyə xəbər alırlar. Biz də özümüzü tox tutub “Zəfər yolu ilə qalxırıq, nədən qorxacağıq ki?!” deyə cavab veririk.

Nəhayət, axşamüstü mənzil başına yetişirik. Sənədləşmə, yerləşmə. Hostelə girər-girməz eyvana yüyürüb tanımadığım doğma şəhərə nəzər salıram. Şəhərdə küçə işıqlandırma sistemi normal çalışsa da, işıqların topa-topa bərq vurması deyir ki, viran qalmış məhəllələr, yiyəsizlikdən dağılmış evlər, sahibinə həsrət həyətlər hələ də gecənin daha da tündləşdirdiyi qaranlığın içindədir.

Nə isə, Şuşa ilə tanışlığımız qalsın gün çıxana.  

 

Mən və içimdəki müsyö Jordan

 

Sübh tezdən eyvandan ətrafı seyr edəndə başımın üstündə qaranquşları gördüm. Hotelin abad həyətindən aşağı baxandasa… Eh, Şuşaya yatmağa gəlməmişəm ha! Şəhər hələ tam oyanmamışdı… Amma gül-çiçək, göy üzündəki əlçim buludlar, axşamkı yağışda yuyunub arınmış təbiətin öz gümrahlıq ritmi var.

Yolu tutub gedir, qarşıma çıxan gülü-çiçəyin şəklini çəkirəm. İlahi, ağkirpiklərin böyründə nə qədər lalə var!... Özü də mənim Bakıda, Abşeronda gördüyümdən az qala iki-üç dəfə iri lalə! Bütün hasarlardan, çəpərlərdən itburnu kolları sallanır: çiçəkləri də ağ rəngdə: ta onun yeməli, yaxud sırf dekorativ növ olduğunu ayırd edə bilmirəm. İçimdəki müsyö Jordanın Şuşa təbiətinə vurğunluğu nəbati biliyimdən çoxdur deyə, adını bilmədiyim güllərin, ağacların şəklini dayanmadan çəkirəm. Amma adını bildiyim bir gül də var ki, onun axtarışındayam. Hələ ki, tapa bilmirəm.

 

Şuşanı tanıma mərhələsi…

 

Səhər yeməyindən sonra şəhərə çıxıram. Bazar günü olsa da, şəhərin hər tərəfindən inşaat texnikasının uğultusu eşidilir. Betonqarışdıran maşınlar inşaat gedən obyektlərə gedirlər. Şuşada artıq bir neçə dəfə olmuş səfər yoldaşlarımın verdikləri istiqamət üzrə şəhəri təkcə gəzməyə çıxıram. Xəbərdarlıq da almışam: “Mina yoxdur, şəhər tərtəmizdir, amma dağıntılara, ot basmış həyətlərə keçməyin! Allah eləməsin, ilan, zəhərli cücü-filan olar...”.

Yolboyu qarşıma çıxan xarabalıq mənzərələri adamın ürəyini sıxır. Baxırsan ki, bir ev abaddır, yəni son illərədək burada yaşayış olub. Amma onunla üzbəüzdə təkcə zamanın, baxımsızlığın yox, həm də erməni vandallığının dağıtdığı uçuq-sökük bir neçə ev var… İnsan necə eyvanından, pəncərəsindən xarabazarlığa baxaraq yaşaya bilər? Heç cür ağlıma sığmır. Öz sualıma özüm cavab verirəm: normal adam yaşaya bilməz, amma işğalçı, az qala dörd-beş arxa dönəninin psixikasına yeridilmiş “sənin cənnətin türkün xarabazarındadır” ideyası ilə ömür sürən yaşayar...

 

Şuşanın ovqatı

 

Qala divarlarına tərəf, üzüaşağı gedirəm. Yolboyu qarşıma çıxan hər evin, hər həyətin qapısına vurulan lövhələr adamı arxayınlaşdırır: “Yoxlanılıb, mina yoxdur”. Hasarlardan küçəyə baxımsızlıqdan yabanılaşmış fındıq, ərik ağaclarının kal meyvəli budaqları sallanır, itburnu kolları çiçəkləri ilə birgə tikanlarını döyüşə hazır vəziyyətdə ayaq saxlayanlara nümayiş etdirir.

Görəsən, ağacların, çoxillik bitkilərin yaddaşı var? Əgər varsa, bax, elə divarlarının yarısı qalmış Məşədi Novruzun evinin ikinci mərtəbəsini basmış yabanı bitkilər, lalələr nələrdən danışardı? Bu qəribə söhbəti təsəvvür edəndə ürəyim sıxılır. Erməni əsirliyini görmüş soydaşlarımızın xatirələri yadıma düşür…  Belə bir psixoloji paralel nə qədər ağlabatandır, düzdür, bilmirəm… Amma ilk ağlama gələn budur.

 

Gəl, bir şəkil çəkdirək, Böyük KİŞİ!

 

Qala divarına tərəf endikcə hələlik öz abadlıq növbəsini gözləyən dağıntıların ardınca qarşıma bağ çıxır. Bir an elə bilirəm ki, Böyük Britaniyanın hansısa abbatlığında yaşı bir əsrdən çox olan malikanənin həyətinə keçmişəm. Dekorativ güllük-filan yoxdur, sadəcə, çoxillik ağaclar, səliqə ilə biçilmiş otluq. Genişliyin içində bir möhtəşəm heykəl ucalır – Üzeyir bəyin heykəlidir. Heykəl Şuşa azadlığına qovuşandan sonra dövlət başçımız İlham Əliyevin göstərişi ilə yenidən düzəldilib və əvvəlki yerində, Natəvan parkında ucaldılıb. Nə yaxşı ki, yaxınlıqda bir nəfəri görürəm. Oğlunun bu sakit guşədə fotosessiyasını edən bir nəfərdən xahiş edirəm ki, Üzeyir bəyin heykəlinin yanında məni də tarixə salsın.

 

Cıdır düzü, axtardığım burada da yoxdur...

 

Həmkarlarımla yığışıb Cıdır düzünə gedirik. Konsertə qalan saatları mənalı keçirmək istəyirik. Cıdır düzündə gördüyüm mənzərə məni bir qədər çaşdırır. Sanki bütün Azərbaycan buradadır.

…Nəvələrinin qollarından sallaşıb gələn ahıl qadının bəlkə də son arzusudur Şuşanı, Cıdır düzünü bir də görmək…

…Körpəsi qucağında Cıdır düzünü ziyarət edən gənc ananın da buraları görmək üçün səbəbi var: çünki qarşıdakı üç-dörd ildə buraları heç rahat gəzə bilməyəcək. Bir gözü ayaq tutub haralarasa dırmanmağa həvəsli övladında qalacaq. Süddişi çıxacaq deyə toppuş barmaqlarını qamaşan damağına sürtən bu balaca isə nə vaxtsa Şuşa şəkillərinə baxanda xatırlamadığı xatirələri danışacaq.

…Bir ayağını çəkərək çəliyinə söykənmiş yaxası medallı cavan da şəksiz qazidir. Bəlkə də sərt qayalıqlarla Cıdır düzünü fəth etmiş igidlərimizdəndir. Bu müqəddəs məkanın ziyarətçilərinə qoşulub ki, dinc dövrün Şuşasını yaddaşında saxlasın. Axsadığı üçün ayağını yerə bərk basmır, kim bilməsə də, o bilir ki, buranın hər qarışı bir igidin qanı ilə suvarıldığından bizim ayağımız bu yerlərə dəyir.  

Burada da gözüm onu axtarır: tapmıram. Amma ta dözməyib soruşuram. Aldığım cavab qanımı qaraldır: “Axtarmayın. Hər gələn o qədər qopardı ki, bu il heç bitmədi, yəqin kökü kəsildi”.

Mən Şuşanı özünə vətən seçmiş səhləb növünü – xarıbülbülü axtarırdım… Qoparmaq niyyətim yox idi, eləcə onu öz doğma torpağında görmək, bir atribut olaraq yox, kökü torpağa bağlı doğmam kimi ona salam vermək istəyirdim.

 

Mənim gördüyüm Şuşa…

 

Şuşa səyahətimdən doymadım. Amma böyük tikinti meydanını xatırladan bu şəhərə tezliklə gəlmək istəməzdim. Ona görə yox ki, onsuz da baxımsızlıqdan yarasız hala düşmüş, ağır hərbi maşınların, indi də ağır inşaat texnikasının inlətdiyi şəhəriçi yollar adamı yorur, infrastruktur hələ tam inkişaf etməyib, şəhər nəqliyyatı yaradılmayıb.

Sadəcə, Şuşa aldığı ağır yaralardan sonra komaya düşüb illərlə əcəllə nəfəs-nəfəsə qalmış, amma haqqın hökmü ilə bir gün həyata qayıtmış xəstəyə oxşayır. Komada ikən onun yalnız həyat fəaliyyəti, nəbzinin vurması dəstəklənib, yaralarının tam sağalması isə zaman məsələsidir. Bu işi də Şuşada “təbiblik” edəcək inşaatçılar yerinə yetirir. Yəni Şuşanın intensiv terapiyası davam edir. Onların əl-ayağına dolaşıb işlərini ləngitməyə dəyməz.

Bir də… Bir də Şuşa işğal dövrü yaşamış bütün şəhərlər kimi öz qadın simasını hələ bərpa etməyib. Az qala bir qərinəlik işğalın, sayğısızlığın, qədirbilməzliyin yaralarının ilkin sağlama mərhələsində qadın zərifliyinə, qadın səliqəsinə hələ ehtiyac yoxdur. Tək-tük marketlərdə, apteklərdə nədir, hətta mehmanxanaların xidmət personalının arasında qadın işçi hələ gözə dəymir. Deyəsən, işğaldan sonrakı dövrün əsl ilk şuşalısı da hələ dünyaya gəlməyib. Amma yox, Şuşada bu yay dünyaya göz açanlar var.

…Hostelin eyvanında dayanıb şəhəri seyr edəndə qaranquşlar lap başımın üstündə öz nəğmələrini oxuyaraq cövlan edirdilər. Düzü, “Düyməcik” nağılından başqa heç vaxt bu ürkək quşların insana yaxın gəlmək cəhdinə şahid olmamışdım deyə təəccüblənəcəkdim ki… gözüm eyvanın yuxarı küncündəki qaranquş yuvasına sataşdı. Deməli, həyat davam edir.

***

Bəlkə də nə vaxtsa təxminən yüz il əvvəl görkəmli yazıçı-publisist İlya Erenburqun qələmindən çıxan “Parisi görməli və ölməli” ifadəsinin tarixçəsi barədə nəsə yazdım. Hələliksə təxminən yüz il arzuların son həddi kimi anlaşılan bu ifadəyə düzəlişim var: “Şuşanı görməli və ardını yaşamalı!...”.

Gülcahan Mirməmməd