26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü bölgələrdə böyük Zəfər ruhu və qürur hissi ilə qeyd olunub. Tədbirlərdə 106 yaşlı Ordumuzun ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası zamanı göstərdiyi misilsiz qəhrəmanlıq dönə-dönə vurğulanıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Daxili Qoşunların Qubada yerləşən N saylı hərbi hissəsində Silahlı Qüvvələrimizin yaradılmasının 106-cı ildönümünə həsr edilmiş konsert proqramı keçirilib.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin “Şahdağ” instrumental ansamblının hazırladığı rəngarəng proqram alqışlarla qarşılanıb. Ansamblın gənc və istedadlı solistləri ilə yanaşı, şəhər Uşaq musiqi məktəbinin xor kollektivi, solo ifaçıları, eləcə də Xaçmaz, Qusar, Şabran və Siyəzəndən olan incəsənət ustalarının ifaları əsl bayram ab-havası yaradıb, hərbçilərimizə unudulmaz hisslər yaşadıb.
Quba Tarix-Diyarşünaslıq Muzeyində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə çıxış edənlər 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk milli diviziyanın yaradılması ilə başlanan tarixdən söz açıblar. Qeyd olunub ki, bu gün müzəffər Ordumuz xalqımızın qürur mənbəyidir. Qonaqlar muzeydə əlamətdar günə həsr olunmuş sərgi ilə tanış olublar.
***
Şirvan şəhər Heydər Əliyev Mərkəzində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Silahlı Qüvvələr Gününə və Ulu öndərin milli ordu quruculuğunda roluna həsr olunmuş “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filmi nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda regionun ən güclü ordusu formalaşıb.
Şirvan Şəhər Mədəniyyət Mərkəzi, Dövlət Rəsm Qalereyası, Uşaq musiqi məktəbi, Mərkəzi Kitabxanası, həmçinin Salyan rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunan konsertlər, sərgi və dəyirmi masalar təşkil edilib.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması haqqında söhbət açılıb.
Biləsuvar, Neftçala və Hacıqabul rayon mədəniyyət müəssisələrində də Silahlı Qüvvələr Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
***
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində keçirilən bayram tədbirində qeyd olunub ki, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri onun ordusudur. Zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz ölkəmizə qarşı istənilən hücumun qarşısını almağa qadirdir. Sonda gənclərin təqdimatları dinlənilib və sualları cavablandırılıb.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusu” adlı tədbir təşkil edilib. Çıxışlarda Azərbaycan Ordusunun yaranma tarixindən, Ulu öndər Heydər Əliyevin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə bu sahəyə xüsusi diqqət yetirməsindən bəhs olunub. Sonra “Şuşa, sən azadsan!” filmi nümayiş etdirilib. Tədbir iştirakçıları “Ordumuz qürurumuzdur!” adlı sərgi ilə də tanış olublar.
Əlamətdar günlə bağlı Lerik rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və idman sektoru və Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə tədbir keçirilib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin 23 may 1988-ci il tarixli sərəncamı ilə 1918-ci ildə yaradılmış Əlahiddə Azərbaycan Korpusunun təşəkkül tapdığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi təqvimimizə yazılıb.
***
Şuşa şəhərindəki yeni yaşayış kompleksində Silahlı Qüvvələr Günü münasibətilə I və II Qarabağ müharibəsi qaziləri, şanlı Ordumuzun nümayəndələri üzvləri, şəhid ailələri ilə görüş keçirilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovun iştirakı ilə keçirilən görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazilər keçdikləri döyüş yolu, qəhrəmanlıq hekayələri barədə danışıblar.
***
Silahlı Qüvvələr Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr tərəfindən silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə bizə əbədi Zəfər ruhu bəxş edən, 44 gündə 30 illik işğala son qoyan Silahlı Qüvvələrimizin dövlətimizin və xalqımızın güvənc yeri olduğu bildirilib.
Hazırladı: N.Məmmədli