Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb.
Qeyd edək ki, bu il ilk dəfə olaraq nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu my.culture.az vahid şəxsi kabinet vasitəsilə aparılıb və şagirdlərin mərkəzləşdirilmiş şəkildə imtahan vermələri üçün bütün lazımi şərait yaradılıb. Bu, ilk növbədə, vətəndaş məmnuniyyətini və obyektiv qiymətləndirməni təmin etmək üçün həyata keçirilir.
Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 15000 nəfərə yaxını 20-30 iyun tarixlərində gerçəkləşən imtahanlarda iştirak edib. Paytaxt üzrə imtahanlar Bakı Xoreoqrafiya Akademiyasında keçirilib.
İmtahanın nəticəsi barədə şəxsi kabinet və ya elektron poçt vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək. Uğur qazanmış namizədlər sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.