“Orada vaqonlar özü üçün o yana gedir, bu yana gedir...”

 

Gülxar: Yaman kəmhövsələ olmusan, Tokay. Bu stansiyaya qədər ötürməyə icazə vermişəm ki sənə. Daha nə istəyirsən?

Tokay: Bezmişəm yerin altından.

Gülxar: Buranın nəyi pisdir?

Tokay: Ayı, ulduzu çatmır buranın. Parkı, kinosu, teatrı. Qorxuram, xoşbəxtliyimiz elə həmişəlik yer altında qalsın.

Gülxar: Ah Tokay, gecdir, mən qaçdım...

Növbəti kadrda Gülxar eskalatorla yuxarı qalxır. Pilləkənlərdə qardaşı İbrahimi görür. Nigaran halda Tokaya və qardaşına baxır. İbrahim platformada, sütunun arxasından çıxaraq Tokaya yaxınlaşır, çiyninə toxunaraq “Bura bax, qadası, mən də o fikirdəyəm ki, sən yer altından çıxasan. Amma başqa stansiyada. Başa düşdün?...”.

***

Diqqətli oxucular (tamaşaçılar) yəqin söhbətin nədən getdiyini bildi. Əlbəttə ki, kinodan. Özü də bəzi səhnələri metroda çəkilən filmlərimizdən.

“Xoşbəxtlik qayğıları” (1976)  filmindən seçdiyim bu dialoqda Bakı metrosunun indiki “Koroğlu” (o vaxt Əzizbəyov) stansiyasında cərəyan edir. Sadə sovet gənclərinin gizli görüş yerlərindən biri də metro idi...

Ümumiyyətlə, Bakıda ötən əsrin 60-cı illərində istismara verilən metro rahat və sürətli nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də bir neçə kinolentin yaddaşında yer alan təbii pavilyon funksiyasını yerinə yetirib.

Metropoliten haqqında xüsusi filmə gəlincə, hələlik, Bakı metrosu haqqında yeganə ekran işi rejissor Süleyman Əhmədov tərəfindən 1997-ci ildə çəkilən və paytaxtın yeraltı nəqliyyatının 30 illiyinə həsr olunan qısametrajlı filmdir.

Bakı metrosunda çəkilən və bizi dövrün Bakısı ilə həm də bu yolla tanış edən ekran nümunələrinin sayı da, əslində, çox deyil.

Bunlardan yuxarıda adını çəkdiyim “Xoşbəxtlik qayğıları”, “Uşaqlığın son gecəsi”, “İstintaq”, “O qızı tapın”, “Var olun, qızlar”, “Həyat bizi sınayır”,  “Yaramaz”, eləcə də “Mozalan” kinojurnalında hamımıza yaxşı tanış olan və qəhqəhə ilə izlədiyimiz “Arzu”  kinosüjetidir. Müstəqillik illərində çəkilən “Günaydın, mələyim!” və “Bakı gecələri” (almanax) filmlərində də metronun ayrı-ayrı stansiyalarından müəyyən kadrlar var.

 

“Həyat bizi sınayır”

 

Sadə insanların hekayətini ekrana daşıyan ən yaxşı kino nümunələrimizdən biri “Həyat bizi sınayır” filmidir. Rejissor Şamil Mahmudbəyovun 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında çəkdiyi film xeyirxah insanların köməyilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun taleyindən bəhs edir.

Əsərin əsas qəhrəmanı Rəşidin (Fikrət Quliyev) qardaşı qızı Laləni (Arzu Səfərova) gəzintiyə apardığı epizod indi “Sahil” metrosunda lentə alınıb.

Onu da qeyd edək ki, film 1972-ci ildə Rusiyanın Qorki (indiki Nijni Novqorod) şəhərində fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalında SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülüb.

 

“Xoşbəxtlik qayğıları”nın sərnişinləri

 

Həsən Seyidbəylinin rejissoru olduğu bu film (1976) sadə Azərbaycan insanın ailə-məişət qayğılarını göstərməklə yanaşı, müəyyən adətlərə etirazı da kinematoqrafik dillə ifadə edə bilir. İnsanın səadəti, ailə xoşbəxtliyi təkcə maddi nemətlərlə ölçülmür – ekran əsərində bir məqamlar xüsusi vurğulanır.

Rüxsarə (Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın – Gülxar (Şükufə Yusifova), Xalidə (Xalidə Quliyeva), Səkinə (Dilarə Hüseynova), Zöhrə (Cəmilə Ağayeva) və Sevincin (Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birini el adəti ilə köçürmək, onlara cehiz verməkdir. Ailədə yeganə kişi xeylağı İbrahim isə, əslində, ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xətrinə bacılarına cehiz pulu qazanmaqdan ötrü dəridən-qabıqdan çıxır.

Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Amma bunu analarına izah edə bilmirlər. Beləcə, film boyu biz bir ailənin timsalında gənc insanların öz sevgiləri uğrunda mübarizələri ilə yanaşı, köhnə düşüncəyə qarşı üsyanlarını da görürük.

Yuxarıdakı təqdim etdiyimiz dialoqdan savayı filmdə evdən küsüb gedən bacısını axtaran İbrahimin baş çəkdiyi məkanlar sırasında da metro stansiyalarını görürük.

 

“Uşaqlığın son gecəsi”

 

Milli kino tariximizdə xüsusi yeri olan Arif Babayevin çəkdiyi bu filmin (1969) az qala bütün kadrları, epizodları geniş tamaşaçı auditoriyasına yaxşı tanışdır.

Filmdə Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Orta məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına dəbdəbəli həyat keçirən dəstəylə toqquşurlar... Film eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Birlikdə müxtəlif məkanlarda lentə alınan Murad və Rüstəmin bir kadrda metroya daxil olduqları da görünür.

 

“İstintaq”ın kasıb müstəntiqi

 

Rüstəm İbrahimbəyov (ssenari müəllifi) və Rasim Ocaqov (rejissor) yaradıcılıq tandeminin möhtəşəm nəticəsi olan “İstintaq filmi (1979) tamaşaçıda sadə, rüşvət almayan, məvacibi ilə dolanan dürüst sovet vətəndaşı müstəntiq Seyfinin (Aleksandr Kalyagin) müsbət obrazını yaradır. Böyük ailəsi və öz qayğıları var. Amma bu həyat onu qane edir. Bircə reallıqla barışmayan, əslində, ərinin də səlahiyyətlərindən yararlanmasını istəyən arvadı Gülyadan (Şəfiqə Məmmədova) başqa. O, ərinin xidməti avtomobilinin olmasını, geniş evdə yaşamalarını istəyir.

Seyfi Qəniyev işə metro və avtobus ilə gedir. Tələssə də, taksiyə minmir. Məvacibə baxan dürüst müstəntiqin belə bir lüksü yoxdur.

 

“Qız “Baksovet”in yanında metrodan çıxdı”

 

Unikal kino yaradıcılığına malik rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “O qızı tapın” filmi (1970) milis (indi polis) işçilərinə həsr olunub. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərlə bağlı təhqiqat işindən danışır.

Özünə “satış bazarı” axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə, qorxusundan hamını ələ verəcək. Ona görə də “dostları” Kazımlını maşın qəzasına uğradırlar. Baş verən şahid olan bir nəfər də var – Əminə (Sevil Qasımova).

Filmdə metro ilə bağlı iki kadr var. Biri hadisəni araşdıran milislərdən Dadaşın (Hamlet Xanızadə) şahid qızı izləmə anı, digəri isə Əminənin yağışlı gecədə metro stansiyasından çıxmasıdır. Milislərdən biri telefonla “Qız “Baksovet”in yanında metrodan (indiki “İçərişəhər” stansiyası – red.) çıxdı” məlumatını verir və biz beləcə, məkanı müəyyən edə bilirik.

 

“Var olun, qızlar!”ın 37-ci dəqiqəsi

 

Real hadisə əsasında çəkilən bu film (1972) rejissor Eldar Quliyevin milli kinomuza ərməğan etdiyi məhəbbət dramlarındandır.

1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilib. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır.

Onu da qeyd edək ki, film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. O, gənclərdən birini (İsa) rolunu oynayır. Onun tərəf-müqabili isə Rüstəm rolunun ifaçısı Ömür Nağıyevdir. Filmdə müxtəlif məkan çəkilişləri, iri planlar görürük və onlardan biri də iki gəncin metroda, eskalatorda görüntüsüdür.

 

“Metroya kefli adamları buraxmırıq”

 

“Mozalan” kinojurnalının ən unudulmaz nümunələrindən biri “Arzu” (1972) qısametrajlı bədii süjetidir.

Sərxoş adam (Fazil Salayev) metroya daxil olmaq istəyir. Lakin hər dəfə ayıq olmadığı üçün milis işçiləri onu metroya buraxmırlar. Bu dəfə də sərxoşun bu arzusu ürəyində qalır və milis işçisi (Bahadur Əliyev) ilə arasında hər kəsi gülüşə qərq edən dialoq yaşanır.

Çəkilişləri “Gənclik” stansiyasında aparılmış qısametrajlı süjetin rejissoru Teymur Bəkirzadədir.

 

“Günaydın, mələyim!”

 

Kinorejissor Oqtay Mirqasımovun 2008-ci ildə ekranlaşdırdığı filmin əsas ideyası Qarabağ döyüşləri və onun ağır nəticələridir. Müharibənin açmış olduğu fiziki yaralardan daha çox mənəviyyatda buraxdığı izlər tamaşaçıya fərqli xarakterli insanların timsalında müxtəlif vəziyyətlərdə açıq-aydın təsvirlərlə göstərilir.

Mədinənin (Ayan Mirqasımova) həyat yoldaşı Qarabağda şəhid olur. Biz ayrı-ayrı kadrlar və personajlar vasitəsilə  Mədinənin keşməkeşli həyatı, tənhalıq içərisindəki iztirabları, ədalətsizliyə qarşı mübarizəsi ilə tanış oluruq. Müxtəlif məkan çəkilişlərində onu “Nizami” metro stansiyası və keçidlərdə də görürük.

 

“Yaramaz” Hətəm

 

Özü qarışıq hamımızla əylənərək kino çəkən və göstərən Vaqif Mustafayev yaradıcılığının məhək daşı hesab olunan “Yaramaz” (1988) filmində də metro kadrları var.

Tragikomediyada biz rejissorun yaşadığı dövrə ironik üsyanını psixikası çoxdan pozulmuş Hətəmin (Mamuka Kikaleyşvili) timsalında görürük. Həyatda şansı və işləri düz gətirməyən Hətəm sadəlövhlüyü ucbatından özünü ağıllı göstərən əbləhlərin lağlağı obyektidir. Artıq onunla edilən şit zarafatlardan təngə gələrək “ağıllanmağa” qərar verir. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir...

Filmin yaddaqalan epizodlarından biri Hətəmin metroda psixoterapevtlə dialoqudur. Metroya minməkdən qorxan Hətəm, nəhayət, bunu bacarır: qorxusuna qalib gəlmək üçün metroya minir. Bu zaman psixiatr Petrovla qarşılaşır. Onlar arasında gülməli dialoq baş verir. Həkim onu müayinəyə dəvət edir, o da həkimi 4-cü mikrorayondakı evinə...

 

Bizim “Bakı gecələri”

 

Çağdaş kino nümunələrindən olsa da, geniş tamaşaçı auditoriyasına o qədər də bəlli olmayan “Bakı gecələri” (2015) almanaxında da metro ilə bağlı kadrlar var.

“Debüt” studiyasında istehsal olunan almanaxa 5 qısa film (“Yeraltı keçid”, “Buludlar”, “İşıq yolu”, “Beş dəqiqə”, “Skripkaçı”) daxildir.

“Beş dəqiqə” metroda lentə alınıb. İlk epizodda jurnalist (Mehriban Zəki) aktyordan (Fəxrəddin Manafov) müsahibə götürür və aktyor ona unuda bilmədiyi arzusundan bəhs edir. Bunu göstərmək üçünsə jurnalisti metroya aparır. Məlum olur ki, onun arzusu “İçərişəhər” metrosunun boş platformasına nə vaxtsa gələcək qatarda uşaqlıq sevgisinin gəlişi ilə bağlıdır.

***

Məlumat xarakterli bu qeydlərdə biz milli kinomuzun metro ilə bağlı kadrlarına qısa nəzər saldıq. Qalır yeni nəsil kinomuzla bağlı arzularımızın çiçəklənməsi.

Hə, onu da deyim ki, indi də “metroya kefli adamları buraxmırlar”. Yenə “Orada vaqonlar yerin altında özü üçün o yana gedir, bu yana gedir”. Qalır onları yeni lentlərə köçürmək.

Kino işçilərinə kinodan bir xitab-sual daha: “Bura bax, Bakıda neçə ildir metro işləyir, indiyə qədər metroya minməmisən?...”.

Həmidə Nizamiqızı

Fotoların əldə olunmasında göstərilən köməyə görə Azərbaycan Dövlət Film Fonduna təşəkkür edirik.