Türkiyədə müvəqqəti yaşayış hüququ olmayan xarici ölkə vətəndaşları bundan sonra nikah bağlanması üçün müraciət edə bilməyəcəklər.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsi müvafiq qərar qəbul edib.
Qərarda 2000-ci illərin əvvəllərindən əcnəbi vətəndaşlar tərəfindən fəal şəkildə istifadə edilən Türkiyə vətəndaşlığının nikah yolu ilə daha asan əldə edilməsinin mümkün olduğuna diqqət çəkilir. Bundan sonra isə yalnız ölkədə qanuni yaşayış hüququ olan əcnəbilər Türkiyədə nikah üçün ərizə verə bilərlər.
Üstəlik, tələb təkcə Türkiyə vətəndaşı ilə ailə qurmaq istəyən əcnəbilərə deyil. Xarici vətəndaşlığa malik şəxs Türkiyədə bu ölkənin vətəndaşı olmayan, yəni başqa bir əcnəbi vətəndaşla nikaha girmək istəsə, onlara da qanuni yaşayış hüququ şərti şamil olunacaq. Bir sözlə, əvvəl yaşayış hüququ, sonra nikah.
Qərar Türkiyənin bütün vilayətlərinin müvafiq idarələrinə göndərilib.