İyunun 30-da Dərbənd Dövlət Azərbaycan Dram Teatrında (Dağıstan Respublikası, RF) dramaturq Arif Mədətovun “Sezarın qətli” əsəri əsasında hazırlanan “Kral ölür” tamaşasının premyerası olub.

Tamaşaya teatrın baş rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev quruluş verib. Tamaşaçıları qədim Romaya, antik dövrə aparan əsərin səhnə tərtibatçısı isə Dağıstanın Əməkdar rəssamı Naidə Alimetovadır.

Demokratiya ilə diktaturanın mübarizəsinin ön planda olduğu tamaşada rolları Səbuhi Əhmədov (Sezar), Sərxan Səmədov (Brut), Hörmt Aslanov (Siseron), Tamella Mehrabova (Kleopatra), Mədinə Hacıəliyeva (Sevilya), Orxan Əliyev (Kimvar) və b. ifa edirlər.

Səhnə işi yerli teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

***

Onu da qeyd edək ki, S.Əliyev Dərbənd teatr mühitinə yaxşı bələddir və bundan öncə də orada bir neçə səhnə əsərinə quruluş verib. Bu günlərdə isə teatra baş rejissor təyin olunub.

Rejissor qəzetimizə açıqlamasında Dərbənd teatrının yeni mövsümdə maraqlı, yeni üslub və janrlarda tamaşalarla teatrsevərlərin görüşünə gələcəyini dedi: “Yaradıcılıq planları çoxdur və düşünürəm ki, artıq bu teatrın fərqli mövzulu tamaşalar qoymaq üçün aktyor potensialı da formalaşır. Dərbənd tamaşaçıları, təəssüf ki, daha çox komediya janrına meyillidirlər və bu zamanadək yaradıcı heyət də əsas etibarilə tamaşaçı tələbinə uyğunlaşmaq üçün bu janra üstünlük verib. Amma artıq yeni mövsümdən digər janrlarda da tamaşalar hazırlayacağıq. Bunun üçün şərait də var. Dövlət hər il üç tamaşanın hazırlanması üçün vəsait ayırır. Qalır keyfiyyətli, səmərəli və yenilikçi düşüncə ilə işləmək. Biz bu fürsətdən istifadə edərək həm də dəvətli rejissorlarla işə üstünlük verəcəyik. Həm aktyorlarımız fərqli texnikaya malik rejissorları tanıyacaq, həm də tamaşaçılarımız maraqlı səhnə əsərlərini izləmək imkanı qazanacaqlar”.