Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Səlbir” adlanan ərazisində arxeoloji qazıntı işlərinə başlanılıb. Qazıntı işlərində yerli arxeoloqlarla yanaşı, Cənubi Koreyadan olan arxeoloqlar da iştirak edirlər.

Qoruğun direktoru Zahir Kərimovun sözlərinə görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun antropoloqu, ekspedisiyanın rəhbəri Vüsal Həsənov və Cənubi Koreyadan olan arxeoloqlara rəhbərlik edən Seul Milli Universitetinin professoru Kim Jongun iştirakı ilə görüş keçirilib. Qazıntı zamanı əldə olunan arxeoloji materialların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, həmçinin qoruq tərəfindən arxeoloji ekspedisiyaya zəruri köməkliyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Direktorun bildirdiyinə görə, qoruq ərazisində ilk qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi ilə aparılıb. Son illər tarix elmləri doktoru, professor Qafar Cəbiyev tərəfindən Qala ərazisində geniş arxeoloji tədqiqatlar aparılıb, müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə, professor İlyas Babayev tərəfindən Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı beşə çatdırılıb. 2018–2019-cu illərdə isə tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Antik və İlk Orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində, həmçinin qoruğun xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub. Azərbaycan-Koreya arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində şimal və qərb müdafiə divarları və müxtəlif tikili qalıqları da tədqiq edilib.