“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Turizm Kollecində “Azərbaycanda ətraf mühitin mühafizəsində Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda nəzəri konfrans keçirilib.
Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Kollecin direktoru Kamal Əhmədov giriş sözündə bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Yaşıl ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Kollecin Tədris şöbəsinin müdiri Ceyhun Abdullayev “Azərbaycan Respublikasında ekoloji siyasətin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin rolu”, Mingəçevir Dövlət Universiteti Energetika kafedrasının müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Ülkər Aşurova “Ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid”, kollecin sosial, iqtisadi və texniki fənn birləşməsi komissiyasının sədri Xəyalə Abbasova “Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasında dövlət siyasətinin prioritetlərindən biridir” və turizm fənni üzrə müəllimi İqbal Xudiyev “İşğaldan azad edilmiş torpaqlarda yaşıl turizm imkanları və inkişafı” mövzularında məruzə ediblər.