Şirvan şəhər Mədəniyyət Mərkəzi və Gənclər evinin birgə təşkilatçılığı ilə “Bəxtiyar” bədii filminin (1955) motivləri əsasında musiqili tamaşa təqdim edilib. Tamaşada Mədəniyyət Mərkəzi və Gənclər evinin həvəskar teatr truppası çıxış edib. Quruluşçu rejissoru Ümid Quliyev, rəssamı Naibə Sadıqova, musiqi tərtibatçısı Sahib Sahibli olan tamaşa maraqla qarşılanıb.

Neftçala rayon Mərkəzi Kitabxanada “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində növbəti görüş keçirilib. 1, 3, 4 və 5 saylı şəhər kitabxana filialları ilə birgə keçirilən görüşdə Birinci və İkinci Qarabağ müharibələri iştirakçılarından Elnur Hüseynov, Əbülfəz Quliyev, Malik Bağırov və Rəhman Əsədov iştirak ediblər. Onlar döyüşlərlə bağlı xatirələrindən, tarixi Zəfərimizdən söhbət açıblar.

***

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında vətənpərvərlik mövzusunda “Vətəni sevək, qoruyaq!” başlıqlı tədbir təşkil edilib. Çıxışlarda böyüməkdə olan nəslə vətənpərvərlik hissinin aşılanmasında kitabxanaların üzərinə düşən vəzifələrdən danışılıb.

Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbinin (Abşeron rayonu Masazır qəsəbəsi) 2023/2024-cü tədris ilinin yekununa dair hesabat konserti keçirilib. Məktəbin müəllim ansamblı, xanəndələrdən ibarət muğam qrupları, şagirdlərdən ibarət ansambl, xor kollektivi, nağara ansamblı və uşaq orkestrinin ifalarında musiqi nömrələri səsləndirilib.

***

Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi şəhər 1 saylı körpələr evi-uşaq bağçasının məktəbəqədər hazırlıq qrupunda “Cırtdan” nağılının audiovizual baxışı və “Ən böyük var-dövlət” nağılının ucadan oxusunu təşkil edib. Bundan əlavə, uşaqlar müxtəlif nağıllara qulaq asıb və DVD formatında nağılları seyr ediblər.

Astara rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Heydər Əliyev parkında səyyar kitabxana xidməti təşkil olunub. Məqsəd sakinlərin və rayona gələn qonaqların asudə vaxtlarını səmərəli keçirməsidir. Kitabxana fondunda olan yerli və xarici yazarların əsərləri nümayiş etdirilib.

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Musaküçə kənd Sənətkarlıq evinin bədii rəhbəri Ziyafət Hüseynovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib. Mərkəzin direktor əvəzi Ceyhun Bəşirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmailov çıxış edərək yubilyara xoş arzularını çatdırıblar. Z.Hüseynova təşəkkürnamə və fəxri fərman təqdim olunub.

Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya – bəşəriyyəti təhdid edən qlobal problem” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, müasir dünyamızda narkotik maddələrin qəbulu və narkomaniyanın yayılması insanların sağlam həyat tərzini təhdid edən qlobal problemdir. Bildirilib ki, narkomaniya əleyhinə təbliğatın ən səmərəli üsullarından biri də əhali, xüsusən gənc nəsil arasında maarifləndirmə tədbirlərinin aparılmasıdır.

N.Məmmədli