Cəfər Cabbarlının Ev-Muzeyində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.

İyunun 28-də təşkil olunan tədbirdə çıxış edən muzeyin direktoru Qəmər Seyfəddinqızı diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2023-cü ilin 30 dekabr tarixində M.Ə.Rəsulzadənin 140 illiyi haqqında sərəncam imzalayıb. Bildirib ki, bu münasibətlə təşkil olunan tədbirdə Rəsulzadə ilə Cəfər Cabbarlının siyasət və yaradıcılıq yollarının harada və necə kəsişdiyinə nəzər salınacaq: “Təsadüfi deyil ki, Cəfər Cabbarlının yaradıcılığında milli-mənəvi dəyərlər bir bütövlük təşkil edir. Milli istiqlala və türkçülüyə bağlı olan Cabbarlı Azərbaycan bayrağına həsr etdiyi “Sevdiyim”, 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan bayrağına” şeirləri onun Cümhuriyyətə və Cümhuriyyət ideallarına bağlılığının ən bariz nümunəsidir”.

Tədbirdə tarix elmləri doktoru, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış edərək XX əsrin əvvəllərində olduqca mürəkkəb tarixi dövrdə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətindən danışıblar.

Professor Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrinin tarixinə dair maraqlı faktları diqqətə çatdırıb.

Rəsulzadənin Polşada nəşr edilən kitabları, bu ölkədə mühacirətdə olduğu zaman keçirilən tədbirlərdə iştirakı, çıxışları və digər mövzularda fikir mübadiləsi aparılıb.

Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Lalə