Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ilin Vətən müharibəsində işğaldan azad edilən Zəngilanın adı verilən tanker Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir.
Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dövlətimizin başçısına məlumat verib ki, “Zəngilan” tankerinin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir.
“Bakı Gəmiqayırma Zavodu” MMC-nin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, zavodda bir “Ro-Pax” tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir.
Dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.
Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan 1-i yedək, 3-ü sərnişin, 2-si “Ro-Pax” tipli gəmi-bərə, 4-ü tanker olmaqla, ümumilikdə 10-u Bakı Gəmiqayırma Zavodunda inşa edilib.
Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə ASCO quru yükdaşımalarında yeni seqmentə daxil olub. Onu da qeyd edək ki, “Xocalı” Azərbaycan bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi də tarixə düşüb.