Göygöl rayonunda 5-7 iyul tarixlərində III Milli Yaylaq Festivalı keçiriləcək.
Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl rayon icra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşəcək.
Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.
Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqların iştirakı gözlənilir.
Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm.
Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.