Hotelləri milli platformadan rezervasiya etmək olar

 

İyulun 3-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.

Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarların təsir etdiyini bildirib. Qeyd edib ki, bunların qiymətləndirilməsi hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etməsi mümkündür.

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin edildiyini diqqətə çatdıran Fuad Nağıyev deyib ki, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər var.

Ümumilikdə 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib. Bu prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir.

Agentlik sədri bildirib ki, hazırda qarşıda duran əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkilində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılması və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumat verilib. Bildirilib ki, bu proqram yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir.

Ölkəmizdə ilk Milli Rezervasiya Platforması təqdimatı zamanı qeyd olunub ki, platformadan istifadə edən hotellər, qonaq evləri, digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək.