Türkiyənin Ərzincan şəhərində Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib.
Konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Böyük Britaniya və İrandan səfəvişünas alimlər iştirak ediblər. Beynəlxalq konfransda AMEA-nın Tarix və Etnologiya İnstitutunun alimləri dosent Tofiq Nəcəfli, dosentlər Mübariz Ağalarlı, Əhməd Quliyev, AMEA-nın Folklor İnstitutunun professoru Füzuli Bayat, Bakı Dövlət Universitetinin professoru Zabil Bayramlı, Kastamonu Universitetinin azərbaycanlı alimlərindən professorlar Namiq Musalı və Vüsalə Musalı, İranda yaşayan azərbaycanlı alim Şəhram Pənahi də təmsil olunublar.
Professorlarımız konfransda “Məramı uca olan şəxsiyyət: Şah İsmayıl Səfəvi”, “Şah İsmayılın şəxsiyyəti və siyasi portreti”, “Şah İsmayıl Venedik qaynaqlarında”, “Şah İsmayıl dövründə Azərbaycanda etnosiyasi vəziyyət”, “Şah İsmayıl Xətainin şeirlərində Qızılbaşlıq irfanı”, “Şah İsmayıl dövründə Şeyx Səfəvi vəqfləri”, “Azərbaycan romanında Şah İsmayıl”, “Şah İsmayılın iqtidara gəlmə ideologiyasında təsəvvüf və şiəliyin qarşılıqlı əlaqəsi” adlı elmi məruzələrlə çıxış ediblər. Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Səfəvinin həyatı, siyasi fəaliyyəti, Azərbaycan dövlətçilik tarixindəki əvəzolunmaz rolu, onun sufi-təsəvvüf baxışları, həmçinin Səfəvi dövlətinin etnik mənsubiyyəti, Şərq və Qərb mənbələrində Şah İsmayıl, Səfəvi hökmdarının Sarıqaya yaylağında keçirdiyi Ərzincan toplantısı, Azərbaycan ədəbiyyatında Şah İsmayıl və digər məsələlər dövrün mənbələri və tədqiqat əsərlərinə istinadən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Konfrans çərçivəsində iştirakçılar Ərzincan bölgəsinin füsunkar təbiətini gəzərək tarixi-memarlıq abidələri ilə tanış olublar. Sarıqaya yaylağı, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin qızının dəfn olunduğu Mama Xatun türbəsi, Ərqan dağı, Girlevik şəlaləsi, Xızır Abdal Sultan türbəsi ziyarət olunub. Konfrans iştirakçılarının gəzdiyi yerlər arasında Səfəvi dövlətinin qərb sərhədi olan Fərat çayında gəmi gəzintisi xüsusilə maraq doğurub.