Sənədli filmin çəkilişləri davam edir

 

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı həyata keçirilir.

Müsabiqənin 11 qalib layihəsindən biri olan “Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam etdirilir.

“OD Media Production” şirkəti tərəfindən istehsal olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Əkbər Nəcəf, prodüseri Fariz Əhmədovdur.

Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılır. Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Qeyd edək ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə gerçəkləşdirilib.