Çində süni intellekt texnologiyaları sənayesinin ümumi həcmi 500 milyard yuanı (təxminən 70,4 milyard dollar) keçir.
Bunu Şanxayda keçirilən Dünya Süni İntellekt Konfransında Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çian deyib.
Onun sözlərinə görə, süni intellektin istifadəsi istehsal, nəqliyyat, təhsil, tibb və digər sahələrdə genişlənir. Eyni zamanda əlaqəli texnologiyaların bu qədər sürətli inkişafı qanunvericilik, etika və bir sıra məsələlərin, o cümlədən süni intellektin insan sivilizasiyası üçün ən böyük təhlükəyə çevrilə biləcəyi ilə bağlı narahatlığa səbəb olur. “Çin süni intellektin təhlükəsiz idarə olunmasına böyük əhəmiyyət verir, tədricən güclü etika kodeksi və tənzimləmə sistemini tətbiq edir”, – deyə o bildirib.
Li Çian süni intellekti bəşəriyyətin ortaq irsi adlandırıb: “Biz süni intellektin inkişafı üçün ədalətli, açıq və ayrı-seçkiliyə yol verməyən mühit yaratmaq, inkişaf etməkdə olan ölkələrə öz imkanlarını gücləndirməyə kömək etmək və daha çox ölkəyə süni intellektin inkişafının nailiyyətlərindən şərik olmaq imkanı vermək üçün birlikdə çalışmalıyıq”.