Salyan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin şəhid baş çavuşu Anar Vəlizadənin 30 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib.

Əvvəlcə şəhid haqqında film nümayiş etdirilib. Çıxış edənlər qəhrəmanın keçdiyi qısa, lakin şərəfli ömür yolundan söz açıblar.

Bildirilib ki, Salyanın Cəngən kəndində anadan olan Anar Vəlizadə Daxili Qoşunların baş çavuşu kimi 2020-ci ilin Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşayadək döyüş yolu keçib. Bir neçə dəfə yaralansa da, yenidən cəbhəyə qayıdıb və düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 2020-ci il noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub, şeirlər səsləndirilib.

***

Neftçala rayon Mərkəzi Kitabxanasında şair Tubu İmanla görüş keçirilib.

Şairin yaradıcılığından söz açılıb. Müəllifin “Şəhidlər”, “Haqqın nurlu yolu”, “Həyat eşqim” və “Görəsən, hara tələsirik?” adlı kitabları oxuculara təqdim edilib. Sonda şair oxucuların suallarını cavablandırıb, şeirlərini söyləyib.

***

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Gədəbəy rayon mədəniyyət müəssisələri, İcra Hakimiyyəti və YAP Gədəbəy rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev parkında və başqa məkanlarda iməcilik keçirilib. Ərazilər tullantılardan təmizlənib, təmizlik-abadlıq işləri aparılıb.

***

Siyəzən rayon Heydər Əliyev Mərkəzində kəlağayı sənətinə həsr olunmuş “İncə sədəfli aləm” adlı sərgi təşkil edilib. Qeyd olunub ki, Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Sərgidə rəssamların əl işləri və gənc xanımların təqdimatında kəlağayılar nümayiş olunub. Sonda milli musiqi nümunələri ifa edilib.

Nurəddin Məmmədli