Ağstafa rayonundakı Tavatəpə abidəsində Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən tədqiqat işləri aparılır. Üç ildir davam edən tədqiqatlar artıq öz nəticəsini verib. Araşdırmalar zamanı məlum olub ki, Son Tunc – İlk Dəmir dövrünə aid abidədə ibtidai ritual məkanı – ibadətgah qalıqları aşkar olunub. Bu tapıntı öz unikallığına görə bütövlükdə Qafqazda bu qəbildən ilk nümunə hesab edilir.
3500 yaşı olan Tavatəpə abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 km aralıda yerləşir. Son Tunc – İlk Dəmir dövrünə, Xocalı-Gədəbəy mədəniyyətinə aid abidə coğrafi yerləşmə mövqeyinə görə diqqəti cəlb edir. Strateji əhəmiyyətli abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub.
İtaliyadan gələn arxeoloji ekspedisiyanın rəhbəri Nikola Laneri deyir ki, abidə onları unikallığı ilə təəccübləndirib. Üçillik birgə qazıntıların bəhrəsini görməyə başlayan arxeoloqlar builki qazıntılar zamanı maraqlı tapıntı aşkar ediblər.
Qazıntılar zamanı Tavatəpədən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanılması üçün yerlər, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyüdən alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər üzə çıxarılıb.
Hazırda ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir. Analiz üçün çoxsaylı nümunələr götürülərək İtaliyanın qabaqcıl laboratoriyalarına göndərilib. Həmçinin ağac qalıqları və torpağın polinoloji analizləri aparılır.