“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası, eləcə də qoruq ərazisinin xüsusi rejimi təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 323 nömrəli Qərarını imzalayıb.

Qərara 2 nömrəli əlavədə (“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi) qeyd olunur ki, qoruğun məqsədi ərazidə yerləşən abidələrin və etnoqrafik materialların mühafizəsindən, tədqiqi və səmərəli istifadəsindən, habelə ərazinin təbii landşaftını və həcm-planlaşdırma quruluşunu pozmadan onun tarixi-memarlıq görkəminin qorunmasından, bərpası və abadlaşdırılmasından, müasir turizm infrastrukturunun qurulmasından, yerli sakinlərin yaşayışı üçün əlverişli şəraitin təmin edilməsindən ibarətdir.

Qoruq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən idarə edilir. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayişi və inkişaf etdirilməsi məqsədləri üçün istifadə edilir. Qoruq ərazisində abidələrin siyahıya alınması, onların pasportlaşdırılması nazirlik tərəfindən həyata keçirilir. Qoruğun ərazisində arxeoloji abidə aşkar olunarsa, nazirliyin icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir. Abidələrdən istifadə onların qorunub saxlanılmasına zərər vurmamalı və tarixi-bədii dəyərinə xələl gətirməməlidir. Nazirliyin razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.

Qoruq ərazisində yerləşən abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə iştirak edə bilərlər.