AMEA dəyirmi masa keçirib
İyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, təhsilinə və elminə çox yüksək qiymət verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin dildir.
Ölkəmizdə həyata keçirilən dil siyasəti barədə danışan akademik diqqətə çatdırıb ki, Prezident AMEA-nın 70 illik yubileyində (2015) proqram xarakterli və dərin məzmunlu çıxışı zamanı Azərbaycan dili haqqında qiymətli fikirləri içərisində dilimizin saflığının qorunması ilə bağlı alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz qarşısında vəzifələr qoyub. Qarşımızda duran başlıca vəzifələr dilimizin daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarını müəyyənləşdirməkdir.
AMEA prezidenti Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalarının qorunması, dilimizin saflığının təmin olunması və digər istiqamətlərdə Nəsimi adına Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığını vurğulayıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ana dilimizin saflığının qorunması istiqamətində müntəzəm tədbirlər keçirdiyini, mediada, habelə mahnıların sözlərində monitorinqlərin aparıldığını nəzərə çatdırıb.
Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa, mədəniyyət nazirinin müavini Səadət Yusifova, yazıçı-publisist Seyran Səxavət, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.