Dəmiryol nəqliyyatı, dinşünaslıq, pirotexniki vasitələrin texnologiyası...

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) açıqlayıb.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. 5996 nəfər dövlət sifarişi, 7488 nəfər ödənişli əsaslarla təhsil alacaq.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84,69%-i dolub.

Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Fövqəladə hallar, hava nəqliyyatı, balıqçılıq, bədən tərbiyəsi, kosmik texnika və texnologiyalar mühəndisliyi, optotexnika, yanğın təhlükəsizliyi və aktyor sənətinə uyğun olan 24, 25, 52, 54, 60, 62, 71, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmiryol nəqliyyatı, dinşünaslıq, pirotexniki vasitələrin texnologiyası, çoxişlənən malların texnologiyası sahələrinə aid 8, 51, 63, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 70% və ya daha çoxu boş qalıb.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%), Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyasında 95%-dən çox, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90%-dən çox dolub.

Ən zəif nəticə (41% və daha aşağı) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan İlahiyyat İnstitutuna aiddir.