Münasibətlərin bütün istiqamətləri üzrə müsbət dinamika var

 

Xəbər verildiyi kimi, 3–4 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə təşkilatın zirvə toplantısında iştirak etmək üçün Astana şəhərinə səfər edib.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin ŞƏT sammitində ikinci iştirakıdır. 2022-ci ilin sentyabrında təşkilatın sədri statusunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı ŞƏT-in Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

***

Astanaya səfər zamanı dövlətimizin başçısı bir sıra görüşlər keçirib.

İyulun 3-də Astanada Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyevi salamlayan Qazaxıstan rəhbəri bu ilin martında ölkəmizə – Bakıya və Şuşaya səfərini xatırlayıb. Bildirib ki, bu öz əhəmiyyətinə görə tarixi səfər idi. Hazırda biz əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində işləyirik: “Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır”.

Azərbaycan liderini Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunluğunu bildirən Tokayev daha sonra deyib: “Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir”.

Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycan və Ermənistan XİN başçılarının danışıqları üçün platforma təqdim etmək təklifinə dərhal razılıq verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər uğurlu, hər halda, faydalı oldu”.

***

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirərək deyib ki, biz bunu Qazaxıstanın Azərbaycana qardaşlıq münasibətinin növbəti göstəricisi kimi qiymətləndiririk və bu tədbirdə iştirak etməkdən şərəf duyuruq.

Dövlətimizin başçısı Qazaxıstan rəhbərinin Azərbaycana dövlət səfərinin əhəmiyyətini vurğulayıb, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərilməsi təşəbbüsünə görə Kasım-Jomart Tokayevə bir daha Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib. Prezident qeyd edib ki, Qazaxıstan tərəfindən Füzuli şəhərində yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan-Azərbaycan dostluğunun və qardaşlığının mərkəzidir: “Bu, şəxsən Sizin və qardaş Qazaxıstan xalqının Azərbaycana münasibətinin bariz təzahürüdür”.

İki ölkə arasında münasibətlərdən bəhs edən Azərbaycan Prezidenti vurğulayıb ki, razılaşdırdığımız bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur: “Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək. Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq”.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyi dəstəyə görə Qazaxıstan liderinə bir daha təşəkkür edib.

Öz növbəsində Kasım-Jomart Tokayev COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib.

Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olunub, Birgə İnvestisiya Fondu ilə əlaqədar anlaşma memorandumunun (iyulun 3-də Astanada imzalanıb – red.) əhəmiyyəti qeyd edilib, bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırılıb.

Görüşdə humanitar sahədə əməkdaşlığa da toxunulub, Qazaxıstan Mədəniyyəti Günlərinin Azərbaycanda uğurla keçirildiyi (dekabr 2023-cü il – red.), Azərbaycan Mədəniyyəti Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulanıb.