Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub.
Görüşdə Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Ölkəmizin Vatikanda səfirliyinin fəaliyyətindən, birgə layihələrdən bəhs olunub, müştərək layihələr üzərində işlərin uğurla davam etdiyi bildirilib. Fond tərəfindən Vatikanda bir sıra tarixi abidələrin bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərə töhfə kimi vurğulanıb.
Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi Azərbaycanda kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib.
Anar Ələkbərov Heydər Əliyev Fondunun gələcəkdə də Vatikanla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.
Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb.
Monsenyor Paskal Yakabone hər 25 ildən bir Vatikanda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.